“Yenidən imperiya qurmağa çalışan diktatorlar xalqın azadlıq sevgisini heç vaxt azalda bilməyəcəklər”
ABŞ prezidenti Co Bayden fevralın 21-də Polşada etdiyi çıxışında Ukrayna xalqına dəstəyini bir daha dilə gətirib və xalqları demokratiya uğrunda mübarizə aparmağa çağırıb.
Bayden Varşavadakı Kral qəsrində çıxışında deyib ki, Putin bir il əvvəl Ukrayna ilə müharibəyə başlayanda hadisələrin bugünkü kimi cərəyan edəcəyini düşünmürdü:
“Putin düşünürdü ki, onun kimi avtokratlar sərt, demokrat liderlər isə yumşaq olurlar. Amma sonra o, qorxu və təhdidlə hökmranlığı rədd edən bütün ölkələrdə Amerikanın dəmir iradəsi ilə qarşılaşdı. Prezident Putin bu gün bir il əvvəl mümkün olduğunu düşünmədiyi bir şeylə qarşılaşır. Dünya demokratiyası zəifləməyib, əksinə güclənib. Dünya avtokratları isə güclənməyib, əksinə daha da zəifləyir. Çünki nə üçün mübarizə apardıqlarını bilən və onlarla bir sıralarda kimlərin dayandığını bilən insanlarla üz-üzə gəldilər. Bu, böyük əhəmiyyət daşıyır”.
ABŞ prezidenti Moldova prezidenti Maya Sandunu bu mübarizənin lideri adlandırıb. Bayden deyib ki, müharibənin bir illiyində Putin artıq onların koalisiyasının gücündən şübhə etmir:
“Lakin Putin bizim amallarımıza hələ də şübhə edir. O, bizim qətiyyətimizə şübhə edir. Bizim Ukraynanı dəstəkləməyə davam edəcəyimizə şübhə edir. NATO-nun vahid qala biləcəyinə şübhə edir. Amma o, bizim Ukraynaya tərəddüdsüz dəstək verəcəyimizə şübhə etməməlidir. NATO bölünməyəcək və biz yorulmayacağıq. Prezident Putinin torpaq və hakimiyyət ehtirası iflasa uğrayacaq və Ukrayna xalqının vətən sevgisi qalib gələcək. Dünya demokratiyası azadlığı bu gün, sabah və hər zaman qorumağa davam edəcək. İndi də təhdid altında olan məhz budur – Azadlıq! Dünən Kiyevdə Ukrayna müraciət edəndə də məhz bu barədə danışdım. Prezident Zelenski dekabrda ABŞ-a səfər edəndə demişdi ki, biz indi bütün dünyanın taleyini həll edirik. Bizim övladlarımızın, nəvələrimizin və onların nəvələrinin taleyini həll edirik. Amma o, yalnız ukraynalı uşaqlar və onların nəvələri haqda yox, hamımızın övladları və nəvələri haqda danışırdı”.
Bayden vurğulayıb ki, imperiya qurmağa çalışanlar xalqların azadlıq sevgisinin qarşısını ala bilməzlər:
“Bu gün Polşa xalqı və digər Avropa ölkələri anlayırlar ki, avtokratın nazı ilə oynamaq olmaz. Onun hökmranlıq iştahını doydurmaq olmaz. Biz yalnız bir şey deyirik: Yox! Yox! Yenə də yox! Yox, sən mənim ölkəmi işğal edə bilməzsən! Sən mənim azadlığımı, gələcəyimi əlimdən ala bilməzsən! Bir il əvvəl elə burada dediyim sözü təkrarlayıram: Yenidən imperiya qurmağa çalışan diktatorlar xalqın azadlıq sevgisini heç vaxt azalda bilməyəcəklər. Qəddarlıq xalqın azadlıq sevgisini dəf edə bilməz. Ukrayna isə heç vaxt Rusiyanın qurbanı olmayacaq! Heç vaxt!” - ABŞ Prezidenti Co Bayden deyib.