Almaniya Səfirliyi Azərbaycan XİN-in ittihamlarını təkzib edib
Noyabrın 28-də Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.
XİN-in açıqlamasına görə, görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə AbzasMedia xəbər portalının "qeyri-qanuni" maliyyə əməliyyatları həyata keçirdiyi, sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və buna etiraz bildirilib:
“Azərbaycan qanunvericiliyə əsasən, qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb”.
Turan-ın məlumatına görə, Almaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan XİN-in "Abzas Media"nın "qanunsuz" maliyyələşdirilməsi ilə bağlı ittihamlarını təkzib edib.
Səfirliyin yaydığı məlumatda deyilir:
"Təəssüf edirik ki, bəzi KİV-lər qeyri-dəqiq məlumat yayıblar. Bu gün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəvəti ilə məsələni nəzərə alan yüksək vəzifəli şəxsə izah etmişik. Almaniya Səfirliyi 3 dekabr 2021-ci il Beynəlxalq Əlillər Günü münasibətilə ''KEKALOVE ADAPTIVE'' tərəfindən təşkil edilən moda nümayişi ilə əlaqədar 1500 Avro maliyyə yardımı da daxil olmaqla, Məhəmməd Kekalov və əlillər üçün sosial öhdəliyini davamlı olaraq dəstəkləmişdir. Ən son bu ilin may ayında Almaniya səfirinin iqamətgahında bu moda nümayişinə dəstək verdik. Biz cənab Kekalova qarşı irəli sürülən ittihamlardan çox narahatıq və onun ədalətli mühakimə olunmasını gözləyirik".
“Abzas Media”-nın direktoru Ülvi Həsənli və direktorun müavini Məhəmməd Kekalov noyabrın 20-də, nəşrin baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də saxlanılıb. Xətai Rayon Məhkəməsi hər üç şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunan jurnalistlər özlərini təqsirli bilmirlər.
Onlar həbslərinin peşəkar fəaliyyətləri, “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.