Həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli şəxslər də var
Oktyabrın 7-də HƏMAS silahlılarının İsrailə hücumundan sonra həlak olanlar arasında Azərbaycan vətəndaşı da var.
Bu barədə məlumatı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “Report” İnformasiya Agentliyinə verib. O, bildirib ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.
“Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir” – deyə A.Hacızadə qeyd edib.
HƏMAS silahlıları oktyabrın 7-dən İsrailə həm yerdən, həm də havadan hücuma keçib. Hücumlardan sonra İsrail ordusu cavab tədbirlərinin görüləcəyini bildirib.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, İsrailin şənbə günü cavab zərbələri endirməsindən sonra Qəzza zolağında bu saata qədər 830 nəfər həlak olub, 4250-ə yaxın yaralı var.
İsrail ordusu bazar ertəsi bildirib ki, azı 900 nəfər həlak olub.