Ötən gün Qəzzada “Əl-Əhli Ərəb” xəstəxanasına raket zərbələri nəticəsində ölən və yaralananların sayı 500 nəfəri keçib.
“Reuters”-in məlumatına görə, bu barədə rəsmi açıqlamanı Fələstinin Səhiyyə Nazirliyi və Qəzzanın mülki müdafiə rəhbəri verib.
Hadisədən sonra ərazidə xilasedicilər işləyir.
Fələstin rəsmiləri xəstəxanaya hava hücumunu İsrailin təşkil etdiyini bildirib. İsrail isə partlayışı Fələstin İslami Cihad qruplaşmasının uğursuz raket atışı ilə əlaqələndirib və məsuliyyəti rədd edib.
“Bütün dünya bilməlidir: Qəzzadakı xəstəxanaya hücum edənlər İsrail Müdafiə Qüvvələri deyil, Qəzzadakı barbar terrorçulardır”, - İsrailin Baş naziri Benyamin Netanyahu xəstəxanaya hücumdan sonra ilk açıqlamasında bildirib.
İslami Cihadın sözçüsü Daud Şəhab “Reuters”-ə müsahibəsində Netanyahunun iddiasını yalanlayıb: “Bu, yalan və uydurmadır, tamamilə həqiqətə uyğun deyil. İşğalçılar dinc əhaliyə qarşı törətdikləri dəhşətli cinayətləri və qətliamları ört-basdır etməyə çalışırlar”.
Qəzza xəstəxanasına edilən zərbə nəticəsində yüzlərlə fələstinlinin ölümü Yaxın Şərqdə gərginliyi artırıb, geniş beynəlxalq qınağa və İsrailin bir sıra ölkələrdəki səfirliklərində etirazlara səbəb olub.
Türkiyə və İordaniyadakı İsrail səfirlikləri, Livandakı ABŞ səfirliyinin qarşısında da etirazlar baş verib. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qaza əl atıb.
İordaniya ABŞ prezidenti, Fələstin lideri Mahmud Abbas, Misir prezidenti Əbdül Fəttah əl-Sisi ilə planlaşdırılan sammiti təxirə salıb.
ABŞ Prezidenti Co Bayden xəstəxanaya hücumdan bir gün sonra İsrailə səfər edib.
Fələstinin təhlükəsizlik qüvvələri isə işğal olunmuş Qərb sahilindəki Rəmallah şəhərində hökumət əleyhinə etirazlara qarşı gözyaşardıcı qazdan, səs qumbaralarından istifadə edib.
"HƏMAS"ın oktyabrın 7-də İsrailin cənubunda sərhədi keçməsinin səbəb olduğu münaqişədə azı 1300 nəfər öldürülüb.
Qruplaşma 200 nəfərədək şəxsi girov götürərək Qəzzaya aparıb.
İsrail "HƏMAS"ın hücumundan sonra Qəzzada əks-hücum əməliyyatı keçirib.
Həmçinin ordu Qəzza şəhəri sakinlərini cənuba köçməyə çağırıb, orada "humanitar zona" yaradıldığını bildirib.
Xəstəxanaya hücumdan öncə Qəzzadakı səhiyyə orqanları İsrailin 11 gündür davam edən bombardmanı nəticəsində 3 mindən çox insanın həlak olduğunu bildiriblər.
İsrailin Qəzza zolağına davam edən bombardmanları fonunda fələstinlilər dərinləşən humanitar böhranla üz-üzədirlər və İsrail ordusu yardımın hələ də mühasirədə olan anklavlara daxil olmasının qarşısını alır.