Qarabağ ermənilərinin kütləvi təxliyəsi “başa çatıb”

Qarabağ ermənilərinin kütləvi təxliyəsi “başa çatıb” Foto: CNN
2 Oktyabr 2023
Mətni dəyiş

Ermənistan hökuməti 100.514 nəfər Qarabağ sakinini qəbul etdiyini açıqlayıb 


Qarabağın etnik erməni əhalisinin kütləvi təxliyəsi praktiki olaraq başa çatıb. Xankəndidə özünü buraxan tanınmamış “hökumətin” keçmiş “rəsmiləri” bazar günü ən azı 100 min yerli sakinin Azərbaycan hakimiyyəti altında yaşamaqdan imtina edərək Ermənistana qaçdığını bildiriblər.

“Artsaxdan (red: Qarabağ) sonuncu avtobus 15 sərnişinlə Ermənistanın sərhəd şəhəri Qorisə gəlib”, Qarabağdakı tanınmamış “hökumətin” keçmiş “ombudsmanı” Geqam Stepanyan öz Facebook hesabında yazıb.

O, evlərindən çıxa bilmədiyinə görə köçə qoşulmayan köməksiz mülki vətəndaşları axtarmaq üçün seçilmiş bir qrup insanın hələlik Qarabağda qalacağını bildirib.

Qarabağdakı tanınmamış keçmiş “hökumətdən” təxminən eyni vaxtda yayılan ayrıca bəyanatda deyilir ki, ""Qarabağ prezidenti" Samvel Şahramanyan və bir qrup digər rəsmi şəxs hərbi əməliyyatlar və yerli yanacaq anbarında güclü partlayış nəticəsində həlak olan, yaxud itkin düşənlərin axtarışı davam edənə qədər Stepanakertdə (red: Xankəndi) qalacaqlar”. 

Bəyanatda deyilir ki, onlar “müxtəlif səbəblərdən” Qarabağda qalan və Ermənistana köçmək istəyən insanlara da kömək edəcəklər.

Bu arada Ermənistan hökumətinin məlumatına görə, 19-20 sentyabr tarixlərində Azərbaycanın hərbi əməliyyatından sonra başlayan köç ərzində Ermənistan 100.514 nəfər Qarabağ sakinini qəbul edib.

Azərbaycanda bu rəqəmə skeptik yanaşsalar da, sərhəd-keçid məntəqəsindən nə qədər erməni sakinin Qarabağdan Ermənistana getdiyi açıqlanmır.

Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı deyib ki, “yaxın günlərdə Dağlıq Qarabağda erməni qalmayacaq”. O, Azərbaycanı orada “etnik təmizləmə” aparmaqda ittiham edib. Bakı ittihamları rədd edərək, hələ də Qarabağ ermənilərinin “reinteqrasiya”sına ümid etdiyini bildirib.

Qarabağdakı tanınmamış keçmiş “hökumətin” sabiq “baş naziri” Artak Beqlaryan şənbə günü axşam bildirib ki, region artıq “demək olar ki, tamamilə boşdur”. 

“Maksimum bir neçə yüz adam qalıb, onlar da gedir”, - deyə Beqlaryan bildirib.

Köçə qədər Qarabağdakı erməni əhalinin rəsmi sayı 120 min olaraq qeyd olunub. Ermənistan hökuməti bildirib ki, Azərbaycan Laçın dəhlizini bağlayandan sonra Qarabağa qayıda bilməyən erməniləri də bu siyahıya daxil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun