Ümumdünya Səhiyyə Təşkilatı Qəzzaya humanitar dəhlizin yaradılması çağırışlarına qoşulub.
İsrailin Qəzza zolağına yanacaq, elektrik və su tədarükünü kəsməsindən sonra UNİCEF humanitar dəhlizin yaradılması üçün çağırışlar edib. Ümumdünya Səhiyyə Təşkilatı da bu çağırışa qoşulduğunu açıqlayıb.
BMT-nin insan haqları üzrə komissarı Volker Türk isə "Həmas"-ın hücumlarını pisləyərək, İsrailin mühasirəsinin beynəlxalq hüquqa görə qeyri-qanuni olduğunu bildirib.
"Həmas" Qəzza zolağına rəhbərlik edən Fələstin silahlı qruplaşmasıdır.
Qəzza zolağı İsrail, Misir və Aralıq dənizi arasında uzunluğu 41 km və eni 10 km olan ərazidir.
Təxminən 2,3 milyon insanın məskunlaşdığı ərazi dünyada ən yüksək əhali sıxlığına malikdir.
İsrail Qəzza və onun sahilləri üzərindəki hava məkanına nəzarət edir və sərhəd keçid məntəqələrindən kimin və hansı malların daxil olub-olmamasına məhdudiyyət qoyur. Şənbə günü baş verən hücumdan sonra İsrail Qəzzanı mühasirəyə aldığını elan edərək, elektrik, yanacaq və suyu dayandırıb.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, İsrailin şənbə günü cavab zərbələri endirməsindən sonra Qəzza zolağında bu saata qədər 770 nəfər həlak olub, 4100-ə yaxın yaralı var.
İsrail ordusu bazar ertəsi bildirib ki, azı 900 nəfər həlak olub.