Vasif Talıbovun şirkəti ölkədən pul çıxardığına görə cərimələnib

Vasif Talıbovun şirkəti ölkədən pul çıxardığına görə cərimələnib
6 Yanvar 2023
Mətni dəyiş

“Gəmiqaya şirkəti” Türkiyədəki eyniadlı şirkətə köçürdüyü 122 min dollar qarşılığında ölkəyə mal idxal etməyib

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailəsinə məxsus olan “Gəmiqaya şirkəti” MMC ölkədən pul çıxarıb əvəzində mal idxal etmədiyinə görə cərimələnib. Naxçıvan Şəhər Məhkəməsinin 5 yanvar qərarı ilə şirkətin köçürdüyü vəsaitin 20 faizi, yəni 3760 dolları cərimə kimi tutulub.

Bu barədə Naxçıvan Şəhər Məhkəməsindən AbzasMedia-ya məlumat verilib.

Məhkəmədən bildirilib ki, Azərbaycan Mərkəzi Bankının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində malların idxal edilməməsi, vəsaitin xaricdən geri qaytarılmaması) maddəsi ilə tərtib etdiyi 3 protokol icaata götürülüb.

“Bu vəsaitlər “Gəmiqaya şirkəti” MMC-dən Türkiyədə olan eyniadlı şirkətə köçürülüb. 1 oktyabr tarixində 18 min 800 dollar köçürülüb. Bununla bağlı məlumat 2 oktyabr tarixinə kimi verilməli olsa da, verilməyib. Bu iş üzrə qərar çıxarılıb, ümumi məbləğin 20 faizi qədər, yəni 3760 dollar miqdarında cərimə qərarı çıxarılıb” – deyə məhkəmədən bildirilib.

Qeyd olunub ki, 2 protokol üzrə məhkəmə baxışı isə 11 yanvara təyin edilib:

“Bu iki iş üzrə ümumi məbləğ 75 min və 28.454 dollardır. Bir köçürmə 24 noyabr 2020-ci ildə baş tutub, 25 noyabrda bununla bağlı məlumat verilməli olsa da, verilməyib. Digər köçürmə isə 30 noyabrda olub, 1 dekabra kimi məlumatlar təqdim edilməyib” – deyə məhkəmədən bildirilib.

“Gəmiqaya şirkəti” MMC Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsusdur. Onun oğlu Rza Talıbov uzun müddət şirkətin aid olduğu “Gəmiqaya Holdinq"in prezidenti olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun