Məktəbdə sanitar qovşağın olmamağına etiraz edən müəllimə təzyiqlərə məruz qalıb

Məktəbdə sanitar qovşağın olmamağına etiraz edən müəllimə təzyiqlərə məruz qalıb Foto: sosial media
11 Yanvar 2023
Mətni dəyiş

“Mən işimin, necə dərs keçməyimin, şagirdlərə sevgimin görünməsini istəyərdim, ancaq nə edim ki, bununla bərabər bu problemlər də var”

Bu günlərdə İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva sosial şəbəkələrdə məktəbdə sanitar qovşağın olmaması ilə bağlı tənqidi video paylaşıb. 

O, sinif otağında çəkdiyi videoda şagirdləri sanitar qovşaq problemi həll olunana qədər məktəbə gəlməməyə çağırır və özü də gəlməyəcəyini bildirir. 

Bir müddət sonra ikinci videonu paylaşan Nəcəfquliyeva deyir ki, etirazdan sonra ona təzyiqlər olub. 

Leyla Nəcəfquliyeva AbzasMedia-ya deyir ki,  çəkdiyi video sosial şəbəkələrlə yayılandan sonra məktəbin işçiləri ona təzyiq göstəriblər.

Onun sözlərinə görə, artıq bu gün Regional Təhsil İdarəsi məsələyə müdaxilə edib və təzyiqlər aradan qalxıb: 

“Direktor yox, direktorun ətrafı  mənə təzyiq edirdi. Elə bilirdilər ki, direktorun yerinə keçmək istəyirəm. Ancaq mənim elə bir fikrim yox idi. Mənim heç kimin yerində gözüm yoxdur. Düşünürdüm ki, direktor tualet məsələsini həll edə bilmirsə, ibtidai sinif müəlliməsi kimi mən nəsə edim. Mən işimin, necə dərs keçməyimin, şagirdlərə sevgimin görünməsini istəyərdim, ancaq nə edim ki, bununla bərabər bu problemlər də var” – deyə o əlavə edib. 

Müəllimə deyir ki, problemi işıqlandıranda bu qədər səs-küy qopacağını gözləməyib:

"Əsəb, stress keçirdim. Bu gün Regional Təhsil İdarəsindən gəlib dedilər ki, həftəsonuna kimi tualet problemi və digər problemlər həll olunacaq. Ümid edirəm ki, belə olacaq”.

AbzasMedia məktəbin direktoru Anar Ələkbərovla əlaqə yaratmağa çalışsa da, direktor zənglərə cavab verməyib. 

Mil-Muğan Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, deyilənlər həqiqəti əks etdirmir, məktəbdə 3 sanitar qovşaq var. Əlavə olunub ki, müəllimə 7-8 dekabr 2022-ci ildə üzrsüz səbəbdən işə gəlmədiyinə görə ona töhmət verilib. 

 İdarədən bildirilib ki, məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun