İdman olimpiadlarına milyonlarla manat, elm olimpiadalarına sıfır "mükafat" verilir

İdman olimpiadlarına milyonlarla manat, elm olimpiadalarına sıfır "mükafat" verilir
11 Yanvar 2023
Mətni dəyiş

İdmançıların uğuru üçün mükafat verilsə də, elm sahəsində uğurlu olanlar niyə bu mükafatlardan bəhrələnə bilmirlər?

"İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Bəzi ölkələrdə sayılmır. Amma mən hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır"- bu sözləri ölkə başçısı İlham Əliyev 9 yanvarda idmançılarla keçirdiyi görüşdə deyib.

Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara dövlətdən maddi dəstək göstərilsə də,  xaricdə keçirilən elm yarışlarında qələbə qazanan şəxslərə bu imkan yaradılmır.

Məsələn, 2021-ci ildə Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında uğur qazanan idmançılar yüksək məbləğdə mükafatlandırılıblar. 12 avqust 2021-ci ildə prezident İlham Əliyevin 1 saat ara ilə həm ölkə Prezidenti, həm də Milli Olimpiya Komitəsi Prezidenti kimi imzaladığı iki sərəncamla, uğur qazanan idmançılara ümumilikdə 1 milyon 500 min manat mükafat verilib.

Bu yarışda birinci yeri tutan Azərbaycan təmsilçisi olmadığından, prezident 2-ci və 3-cü yeri tutan idmançıların mükafatlandırılması ilə bağlı sərəncam imzalayıb.

Belə ki, İlham Əliyev ölkə prezidenti kimi təqdim etdiyi mükafatlarla, yarışlarda ikinci yeri tutan idmançılar 200 min manat, üçüncü yeri tutan şəxslər 100 min manat mükafat alıblar.

Əliyevin Milli Olimpiya Komitəsi Prezidenti kimi imzaladığı sərəncama görə isə ikinci yeri tutan idmançıya 100 min, üçüncü yeri tutan şəxsə isə 50 min manat vəsait ayrılıb.

Beləliklə, təkcə prezidentin sərəncamı ilə ikinci yeri tutan idmançı 300 min manat, 3-cü yeri tutan idmançı isə 150 min manat dəyərində mükafat alıb. Bu yarışlarda Azərbaycan təmsilçilərinin 3 gümüş, 4 bürünc medal qazandığını nəzərə alsaq, idmançılara ümumilikdə 1 milyon 500 min manat vəsaitin mükafat kimi ayrıldığı aydın olur.

Ancaq bu maddi mükafatlar elm sahəsində beynəlxalq yarışlarda iştirak edən şəxslər üçün nəzərdə tutulmayıb.

24 oktyabr 2013-cü ildə qəbul edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qeyd olunurdu ki, ikinci əsas strateji xətt təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin yaradılmasıdır. Ancaq hazırda tətbiq olunan belə bir sistem yoxdur.

Uzun illər Azərbaycanda Beynəlxalq və Respublika fənn olimpiadalarında qalib gələn şəxslərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ilə bağlı qaydalar olsa da, bu, Prezidentin sərəncamı ilə 2019-cu ildə ləğv edilib.

Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov AbzasMedia-ya açıqlamasında deyib ki, beynəlxalq yarışlarda uğur qazanan şəxslərə maddi dəstək göstərilməsə də, onların nüfuzlu yerli və beynəlxalq universitetlərdə imtahansız qəbul almasına dəstək göstərilir. Eyni zamanda, müraciət edən şəxslərin təhsil xərclərinə də kömək edirlər. Amma C. Valehov dediyi güzəştlərdən neçə nəfərin faydalanması ilə bağlı məlumatları bizə təqdim edəcəyini desə də, daha sonra heç bir informasiya vermədi.

Rəsmi məlumata görə, 1992-ci ildən bu günədək Azərbaycan məktəbliləri iştirak etdikləri müxtəlif beynəlxalq fənn olimpidalarında 30 qızıl, 226 gümüş və 263 bürünc medal olmaqla 519 medal qazanıblar. Son 5 ildə məktəblilər 5 qızıl, 48 gümüş və 121 bürünc medal olmaqla ümumilikdə 174 medal qazanıblar. Bu uğurlarına görə məktəblilər dövlətdən maddi mükafat almayıblar. 
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun