Fazil Mustafa: “Tofiq Yaqublunun həbsdə saxlanılmasının əleyhinəyəm”

Fazil Mustafa: “Tofiq Yaqublunun həbsdə saxlanılmasının əleyhinəyəm”
12 Yanvar 2023
Mətni dəyiş

Deputatlar həbslərinə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublu və Bəxtiyar Hacıyevlə bağlı danışıblar

Həbs olunan müxalif siyasətçi Tofiq Yaqublu və ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyası keçirirlər.

Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlanılma Məntəqəsindəki şəraitə və qanunsuz həbsinə etiraz olaraq yanvarın 5-də aclığa başlayıb. Siyasətçi aclığının 7-ci günündə səhhətinin pisləşməsi səbəbi ilə dövlət xəstəxanasına köçürülüb.

Bəxtiyar Hacıyevin etirazı qanunsuz hesab etdiyi həbsilə bağlıdır.

Bəs ictimai fəal şəxslər azadlıqlarına nail olmaq üçün niyə sağlamlıqlarına təhdid olan aclıq aksiyasını seçirlər?

Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Mustafa AbzasMedia-ya bildirib ki, siyasi fəaliyyətlə məşğul olan şəxslərin aclıq aksiyası keçirməsi doğru seçim deyil:

“Əgər siyasi fəaliyyətlə məşğulsansa, səhhətini də qorumalısan. Təmənna edərik, dayandırarlar, amma bu da insanın öz seçimidir. Bundan təzyiq vasitəsi kimi istifadə etmək olmaz. Bunun başqa yollarını düşünmək lazımdır. Yerli məhkəməyə, Avropa məhkəməsinə müraciət etmək olar. Ancaq bunu sağlamlığa zərər vuracaq şəkildə etmək insanın özü üçün problemlər yaradır. Aclıq aksiyasını hər hansısa işgəncə, təzyiq altında etmək olar. Əgər belə bir şey yoxdursa, etirazı can sağlığına zərbə vurmaqla etmək doğru seçim deyil".

Deputat bildirib ki, əgər saxlanılma məntəqəsində sanitar vəziyyət və qidalanma ilə bağlı problemlər varsa, bu yoxlanılmalıdır:

"Bunu da Daxili İşlər Nazirliyi yanında İctimai Şura yoxlaya bilər. Onlar belə bir təşəbbüslə çıxış etməlidirlər ki, ittihamların həqiqətə uyğun olub-olmadığını araşdırsınlar. Daxili İşlər Nazirliyi də, nazir özü də cəmiyyətə açıqdır. Məncə, bunu araşdırmaq o qədər çətin olmamalıdır”.

Millət vəkili hökumətin Tofiq Yaqublunun Qarabağ qazisi olmasını nəzərə alaraq ona qarşı münasibətdə güzəştli yanaşmasını istəyir:

“Tofiq Yaqublu Qarabağ qazisidir. Ümumiyyətlə, mən onun həbsdə saxlanılmasının əleyhinəyəm. Həbs olunduğu müddətlərdə dəfələrlə həbsdən buraxılması üçün çağırışlar etmişəm. Mən onun müharibədəki igidliyini, qəhrəmanlığını həmişə qiymətləndirmişəm və buna görə də güzəştli yanaşılmasının tərəfdarıyam" - deyə Fazil Mustafa bildirib.

Millət vəkili Elman Nəsirov isə deyib ki, Azərbaycanda məsuliyyətə cəlb olunan şəxslər konkret əməllərə görə həbs olunurlar.

Onun sözlərinə görə, T.Yaqublunun, B. Hacıyevin də əməllərində cinayət tərkibi olduğu üçün onlar cəzalandırılıblar:

“Yeri gəlmişkən, bu, onlarla bağlı ilk hal deyil. Bəxtiyar Hacıyevin və Tofiq Yaqublunun tutduğu yol və fəaliyyətləri onların həbsi prosesini şərtləndirir. Bir çox hallarda onların qanuna tabe olmadan kütləvi tədbirlər keçirdiklərini görmüsünüz. Hansı ki, kütləvi tədbirlərlə bağlı qaydalar qanunla müəyyən olunub. Həbs olunarkən aclıq aksiyası keçirmək Tofiq Yaqublunun ənənəvi taktikasıdır. Əvvəlki həbsləri dövründə də olub. O, öz həyatını risk altına qoymaqla istəyib ki, fərqli qərarlar qəbul edilsin. Ona görə də hesab edirəm ki, o, ilk növbədə öz səhhətini düşünməlidir. Azərbaycan hüquqi dövlətdir və yenə deyirəm, hüquqi dövlətdə heç kim cinayət əməli olmadan həbs edilə bilməz” – deyə millət vəkili bildirib.

Ötən ilin dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

O, yanvarın 9-da aclıq aksiyasına başlayıb.

Tofiq Yaqublu insan haqlarının pozulması, o cümlədən ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq ötən ilin 23 dekabrında Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılıb.

O, həmin gün Səbail Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib və ona 30 sutka inzibati həbs cəzası verilib.

 Tofiq Yaqublu yanvarın 5-dən aclıq aksiyasına başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun