Ned Prays Vaşinqtonun hər iki şəxsin həbsindən narahat olduğunu deyib
ABŞ Azərbaycan hakimiyyətini ictimai fəal Bəxtiyar Hacıyevi və müxalif siyasətçi Tofiq Yaqublunu dərhal azad etməyə çağırıb. Bu barədə yanvarın 9-da Dövlət Departamentinin rəsmisi Ned Prays gündəlik brifinqdə "Turan" agentliyinin sualını cavablandırarkən deyib.
Ned Prays Vaşinqtonun Bəxtiyar Hacıyevin və Tofiq Yaqublunun həbsindən və saxlanılmasından dərin narahatlıq hissi keçirdiyini söyləyib. Onun sözlərinə görə, ABŞ əvvəlki kimi insan hüquqları və əsas azadlıqlarına hörmətin təşviqinə sadiqdir:
"Biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən, baxışlarını dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq” - deyə Prays bildirib.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.
İctimai fəal dünən yenidən aclıq aksiyasına başlayıb.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi. Bir müddət öncə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılıb. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır.
İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir. Lakin Bəxtiyar Hacıyev həbsini siyasi sifariş hesab edir.
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu isə yanvarın 5-dən həbsdə başladığı aclığı davam etdirir.
Tofiq Yaqublu insan haqlarının pozulması, o cümlədən ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, 23 dekabrda Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılıb.
O, həmin gün Səbail Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib və ona 30 sutka inzibati həbs cəzası verilib.