Ölkənin cənubunda və şərqində genişmiqyaslı əks-hücum əməliyyatı keçirən Ukrayna Silahlı Qüvvələri payızın əvvəlindən min kvadrat kilometrdən çox ərazidə onlarla yaşayış məntəqəsini azad edib. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 197-ci gününün yekunlarına dair xalqa müraciətində deyib.
“Davam edən müdafiə əməliyyatları çərçivəsində qəhrəmanlarımız artıq onlarla yaşayış məntəqəsini azad edib. Bu gün də bu hərəkat davam edib, yeni nəticələr var. Ümumilikdə sentyabrın 1-dən min kvadrat kilometrdən çox ərazimiz azad edilib. Bunu mümkün edən hər kəsə təşəkkür edirəm!” - prezident deyib.
Bundan əvvəl Zelenskinin Telegram kanalında Ukrayna hərbçilərinin Xarkov vilayətinin Balakleya şəhərinə nəzarəti ələ keçirdiklərini bildirən video yayımlanmışdı. “Hər şey öz yerindədir. Azad Ukrayna səması altında azad Ukrayna şəhərində Ukrayna bayrağı!” Zelenski videonu bu başlıqla paylaşıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 9-da səhər hesabatında da ilk dəfə olaraq Balakleya bölgəsinə hücum barədə məlumat verib.
“Müdafiə qüvvələri Xarkov istiqamətində uğurlu əks-hücum əməliyyatı keçirir. Ukrayna Silahlı Qüvvələrinin məharətli və koordinasiyalı hərəkətləri sayəsində yerli əhalinin dəstəyi ilə onlar üç gün ərzində demək olar ki, 50 kilometr irəliləyiblər. Kəşfiyyat məlumatlarına görə, düşmənin ayrı-ayrı bölmələri xeyli itki verib. İşğalçılar Olxovatka və Borodoyarskoye yaşayış məntəqələri ərazilərində yaralı şəxsi heyəti və zədələnmiş texnikanı təxliyə etməyə çalışırlar”, - Baş Qərargahın bəyanatında deyilir.
Bu qəsəbələrin hər ikisi Ukraynanın Xarkov vilayətinin Balakleyski rayonunda yerləşir.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna qoşunlarının Xarkov vilayətində irəliləməsi barədə məlumat verməyib. Departamentin 8 sentyabr tarixli hesabatında yalnız Balakleya rayonunda Ukraynaya məxsus raket və artilleriya silahları və sursat anbarının dağıdılması qeyd olunur.
Eyni zamanda, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya təşkilatın Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, Ukraynanın heç bir əks-hücum əməliyyatı keçirmədiyini bildirib. “Nikolayev və Zaporojye yaxınlığındakı tarlalar və Xarkov yaxınlığındakı meşələr ölümə göndərilmiş və dəstələr tərəfindən geri çəkilməyə icazə verilməyən minlərlə Ukrayna əsgərinin cəsədi ilə doludur. Bir neçə periferik kənd alındı, əlbəttə ki, heç bir irəliləyişdən söhbət gedə bilməz ", Nebenzya deyib.