Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, hazırda Vladimir Putinlə danışıqlara hazır deyil. O, CNN jurnalistinin müvafiq sualını belə cavablandırıb.
“Bu gün yox. Mən Rusiya tərəfində konstruktiv olmaq istəyi görmürəm. Ultimatumlara gəlincə: kimin ultimatum irəli sürməsi məni maraqlandırmır – o, yoxsa başqası [Putinin prezidentlikdən getməsi halında]. Bu, mənim prinsipimdir: ultimatum irəli sürənlərlə danışmıram”, - deyə Ukrayna prezidenti bildirib.
Zelenski bildirib ki, Rusiya ilə müqavilə Rusiya Federasiyası tərəfindən işğal olunmuş Ukrayna əraziləri azad edildikdən sonra bağlana bilər.
“Hər halda, Rusiyanın bizimlə sərhədi var və hər halda, o, çoxlu əhalisi olan qonşumuzdur, ona görə də ölkəmiz işğaldan azad edildikdən sonra biz onlarla qonşu kimi yaşamağa məcbur olacağıq”.
Zelenskinin CNN-ə müsahibəsi Ukrayna hərbçilərinin Xarkov vilayətindəki uğurları fonunda yayımlanıb. Sentyabrda bir neçə gün ərzində onlar Rusiya hərbçilərinin aylarla saxladığı və Donetsk vilayətində hücum üçün istifadə etdiyi ərazinin əhəmiyyətli hissəsini azad etməyə nail olublar. Rusiya Federasiyasının Müdafiə Nazirliyi geri çəkilməyi “qoşunların ixtisarı və köçürülməsi əməliyyatı” adlandırıb.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti ilə müsahibəyə belə cavab verib: “Hansısa Zelenski ultimatumlar irəli sürənlərlə dialoq aparmayacağını söyləyib. Hazırkı “ultimatumlar” gələcək tələblər ərəfəsindən "uşaq isinməsi"dir. O, bunları bilir: Rusiyanın şərtləri ilə Kiyev rejiminin tam təslim olması”.