Ukrayna qoşunları sentyabrın 9-da həyata keçirdikləri hücum zamanı Xarkov vilayətində Kupyansk şəhərini işğaldan azad ediblər. Bu barədə Xarkov Regional Şurası sədrinin müşaviri Natalia Popova “Facebook” hesabındakı paylaşımında bildirib.
Müxtəlif KİV-lərin məlumatına görə, Rusiya qoşunları çox sayda hərbi texnika və döyüş sursatları anbarlarını qoyub gediblər. Yüzə qədər əsgər və zabit əsir düşüb. Ən az 300 Rusiya hərbçisi həlak olub.
Qənimətlər arasında minlərlə artilleriya, tank və minaatan mərmisi, milyonlarla avtomat və pulemyot gülləsi var. 45 km-ə qədər məsafədə raket buraxılmasını və 15 km-ə qədər məsafədə artilleriya atışlarını görən "Zoopark-1M" RLS ələ keçirilib.
Balakleya şəhərinin azad edilməsindən sonra böyük dəmir yolu qovşağı olan Kupyanskın azad edilməsi Xarkov vilayətində Ukrayna qüvvələrinin son günlər ərzində əldə etdiyi ikinci uğurdur.
Müstəqil Rusiya hərbi mütəxəssisləri baş verənləri "cəbhənin geniş hissəsində böyük məğlubiyyətə çevrilən ən kəskin əməliyyat böhranı" kimi qiymətləndiriblər. Onlar həmçinin etiraf edirlər ki, Ukraynalılar təşəbbüsü ələ alıblar və indi vəziyyəti diktə edirlər. Yaxın günlərdə Rusiya qoşunları İzyum şəhəri yaxınlığında tam mühasirəyə düşə bilərlər və artıq şəhərdən çəkilməyə başlayıblar.
Son məlumatlara görə, ukraynalılar Liman və Lisiçansk şəhərləri istiqamətində hücuma keçirlər.
"DXR"in paytaxtı - Donetsk şəhəri güclü atəş altındadır.
Eyni zamanda cənubda, Xerson vilayətində Ukrayna qüvvələrinin əks hücumu davam edir.
Prezident Zelenski axşamkı müraciətində deyib ki, son günlər ərzində Xerson vilayətində 30 yaşayış məntəqəsi azad edilib. Xerson şəhərindən 15 km məsafədə döyüşlər gedir.