Jurnalist İvan Safronov dövlətə xəyanətdə təqsirli bilinərək 22 il müddətinə sərt rejimli koloniyada həbs cəzasına məhkum edilib.
"Radio Svoboda" xəbər verir ki, hökm bazar ertəsi, sentyabrın 5-də Moskva Şəhər Məhkəməsində elan edilib.
Qərardan 10 gün ərzində apellyasiya şikayəti verilə bilər. Artıq vəkillər apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildiriblər.
Safronov dövlət sirri ilə bağlı məlumatları NATO ölkələrinin kəşfiyyatçılarına ötürməkdə təqsirli bilinib. “Kommersant” və “Vedomosti”nin keçmiş müxbiri və həbs edilməzdən əvvəl “Roskosmos” rəhbərinin müşaviri işləmiş Safronov ittihamları rədd edib. O, 2020-ci ilin iyulunda saxlanılıb və iki ildən artıqdır ki, Lefortovo istintaq təcridxanasındadır.
Moskva Şəhər Məhkəməsi bu ilin aprelində Safronovun işinə bağlı qapılar arxasında baxmağa başlayıb. Məhkəmə iclaslarında ittiham və müdafiə tərəfinin bir neçə şahidi dindirilib. Vəkillərin sözlərinə görə, şahidlər təqsiri təsdiq edən heç nə təqdim etməyiblər.
İvan Safronov KİV-də Rusiya ordusu, kosmik və hərbi sənayesi haqqında bir sıra rezonans doğuran nəşrlərin müəllifi olub.
Kreml və şəxsən Vladimir Putin Safronova qarşı ittihamların onun yazdıqları ilə bağlı olduğunu qəti şəkildə təkzib edib.
Bazar ertəsi Rusiya müstəqil jurnalistləri hələ hökm elan edilməmişdən əvvəl İvan Safronovun həbsdən dərhal azad edilməsini, onun işinə yenidən baxılmasını və araşdırma zamanı qanun pozuntularına yol vermiş vəzifəli şəxslərə qarşı araşdırmaların aparılmasını tələb ediblər.
"Jurnalistika cinayət deyil. İvan Safronova bəraət verilməlidir", - deyə "Meduza", "Xoloda", "Novoya Qazeta", "Dojd", "The Bell", "The Moscow Times" və s. nəşrlərin yaydığı müraciətdə vurğulanıb.
(Toplum Tv)