Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya kəşfiyyat məlumatları ötürməklə və Rusiyanın ölkənin şərqində irəliləyişini dayandırmağın yollarını “daim” müzakirə etməklə Kiyevə əks-hücum hazırlamaqda kömək edib. “The New York Times” bu barədə adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən xəbər verib.
Nəşrin mənbələri əks-hücumla bağlı ABŞ-a hansı məlumatların ötürüldüyünü və ABŞ ordusunun hansı məsləhətlər verdiyini açıqlamaqdan imtina edib. “The New York Times” yazır ki, ABŞ müharibənin lap əvvəlindən Ukraynaya komandanlıq məntəqələri, sursat anbarları və Rusiya ordusunun digər əsas qovşaqları haqda məlumat verib.
Nəşrin yazdığına görə, Ukraynanın son əks-hücum əməliyyatı ABŞ hərbçilərinin xüsusi əməliyyatlarda istifadə etdiyi standart dezoriyentasiya texnikasıdır. Qəzet yazır ki, Ukrayna ordusu 2014-cü ildən ABŞ-dan “qeyri-ənənəvi müharibə” aparmağı öyrənir.
“The New York Times”-ın həmsöhbətləri etiraf ediblər ki, hazırkı hücum Ukrayna Silahlı Qüvvələrinin kampaniyasının ilkin mərhələsi ola bilər və bu, Rusiya cəbhə xəttini əhəmiyyətli dərəcədə geri çəkə bilər.
Bununla belə, bəzi rəsmilər öz dəyərləndirmələrində təmkinlidirlər və Ukrayna ordusu silah, xüsusilə də artilleriya mərmiləri çatışmazlığı ilə üzləşdiyi üçün əks-hücumun dayandırılacağını istisna etmirlər.
Ukraynanın hücumu sentyabrın 6-da başlayıb. Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnın sözlərinə görə, ukraynalı hərbçilər 3000 kvadrat kilometrdən çox ərazini geri qaytarıblar. Ötən gün Ukrayna Baş Qərargahının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri 20-dən çox yaşayış məntəqəsindən rus qoşunlarını sıxışdırıb çıxarıb.
Rusiya Müdafiə Nazirliyi rus qoşunlarının geri çəkilməsini şərh edərək, "Donetsk istiqamətində səyləri artırmaq" üçün "qoşunların yerdəyişməsi və köçürülməsi əməliyyatı" həyata keçirdiklərini bildirib.