SMDT: Son 8 ay ərzində 20 nəfərdən çox fəal təqib olunub

SMDT: Son 8 ay ərzində 20 nəfərdən çox fəal təqib olunub
7 Sentyabr 2022
Mətni dəyiş

SDMT yaydığı hesabatda istintaq orqanlarının siyasi fəallarla bağlı baş vermiş qanun pozuntularını obyektiv araşdırmadığını qeyd edib

Son 8 ay ərzində siyasi fəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin, jurnalistlərin, bloqqerlərin siyasi təqiblərə məruz qaldığı 20 hal qeydə alınıb. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi yaydığı hesabatda bu halları açıqlayıb:

İctimai-siyasi fəallar Tofiq Yaqublu, Baxtiyar Hacıyev polis orqanlarında saxlanıldıqdan sonra zorakılığa məruz qalıblar, İmran Əliyev polis idarəsinə dəvət olunub, jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb, keçmiş siyasi məhbus Rəşad Ramazanov yenidən narkotik ittihamı ilə həbs edilib.

Siyasətçi Tofiq Yaqubluya, hüquq müdafiəçisi Rüfət Səfərova və jurnalist Nərgiz Absalamovaya qarşı zorakılığı halı ilə əlaqədar 3 iş üzrə araşdırmadan imtina edilib.

Almaniyadan Azərbaycana deportasiya edilən siyasi mühacirlər Pünhan Kərimli və Samir Aşurov müxtəlif ittihamlarda təqsirləndirilən şəxs kimi cəlb olunaraq həbs ediliblər. Pünhan Kərimli narkotik ittihamı ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rayon şöbələrinin toplantılarına polis müdaxilə edib, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyev narkotikdə ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib. Partiya fəalı Gülnarə Rəhimova polisin şikayəti əsasında, məhkəmənin qərarı ilə 460 saat ictimai işlərə cəlb olunub.

Müsavat üzvü Əziz Məmiyev təkadamlıq aksiya keçirib və saxlanılıb. Müsavat üzvü Əlikram Xurşidov inzibati qaydada həbs olunub, məhkəmə onun azadlığa buraxılmaqla bağlı müraciətinə mənfi cavab verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev hesabatda yazılan hallarla bağlı şərh verməkdən imtina edib:

“Hesabatda qeyd olunan şəxslərin hansısa formada polis zorakılığına məruz qalması ilə bağlı iddialar ilk səsləndiyi vaxtda Daxili İşlər Nazirliyi tərəfindən araşdırılıb və araşdırmaların nəticələri ilə bağlı məlumat həm həmin şəxslərin özlərinə verilib, həm də sosial şəbəkələrdə paylaşılıb. Buna görə də, hazırkı hesabatla bağlı şərh verməyə lüzum görmürük”.

SMDT istintaq orqanlarının siyasi, ictimai fəallara qarşı baş vermiş zorakılıq hallarını obyektiv araşdırmadığını bildirərək bunu hökumətin öz tənqidçilərinə qarşı barışmaz siyasi münasibəti kimi qiymətləndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun