Sankt-Peterburqda Smolninskoye bələdiyyə şurasının bir qrup deputatı prezident Putinə qarşı dövlətə xəyanət ittihamı irəli sürülməsi üçün Dövlət Dumasına müraciət ediblər.
Region deputatları müraciətlərində bildiriblər ki, Vladimir Putinə qarşı dövlətə xəyanət ittihamı irəli sürmək və vəzifəsindən kənarlaşdırmaq lazımdır. Bu barədə 'Smolninskoye' bələdiyyəsinin müavini Dmitri Palyuqa məlumat yayıb.
Vitse-spikerin açıqlamasında deyilir ki, Dövlət Dumasının deputatlarına müraciət etmək haqqında qərar iştirak edən deputatlarının əksəriyyəti tərəfindən dəstəklənib. Ancaq Palyuqa dəqiq neçə deputatın qərarın leyhinə səs verdiyini açıqlamayıb.
Bələdiyyə şurası sədrinin müavini Dumanın deputatlarına ünvanlanan qərarın və müraciətin mətnlərini də paylaşıb. Mətndə deyilir ki, müharibə zamanı “gənc əmək qabiliyyətli” Rusiya vətəndaşları ölür, ölkə iqtisadiyyatı əziyyət çəkir, NATO Şərqə doğru genişlənir, Ukrayna yeni silahlar alır (hərçənd Putin ölkənin “demilitarizasiyasını” işğalın məqsədlərdən biri adlandırırdı).
“Biz hesab edirik ki, prezident Putinin xüsusi hərbi əməliyyata başlamaq qərarı Rusiya və onun vətəndaşlarının təhlükəsizliyinə ziyan vurur. Bununla əlaqədar, Dövlət Dumasının deputatı kimi sizdən Rusiya Federasiyası Prezidentinin vəzifəsindən kənarlaşdırılması üçün ona qarşı dövlətə xəyanət ittihamının irəli sürülməsi təklifi ilə çıxış etməyinizi xahiş edirik”, - deyə müraciətdə bildirilir. Palyuqa çağırış mətninin neçə deputata göndərilməsinin nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
Rusiyanın Ukraynaya təcavüzündən az sonra Smolninskoye bələdiyyəsinin deputatları Vladimir Putinə müraciət göndərərək müharibəni dayandırmağa və istefaya getməyə çağırıblar. Onlar Sankt-Peterburqda müharibə əleyhinə mitinq keçirmək istələr də, şəhər rəhbərliyi buna razılıq verməyib.