Rusiyalıların Gürcüstan ərazisinə girişinə kütləvi şəkildə qadağa qoyulmağa başlanılıb.
Bu barədə 'Meduza' portalı məlumat yayıb. Cənubi Qafqazda "Free Russia Foundation" təşkilatının direktoru Yeqor Kuroptev nəşrə bildirib ki, Gürcüstan bir neçə həftə əvvəl ölkəyə səfər edən ruslar üçün sərhəd nəzarətini gücləndirib; indi hər gün onlarla insanın girişinə icazə verilmir.
“Nə peşənin, nə Gürcüstanda yaşamaq faktının, nə də mənzil kirayəsi üçün müqavilənin olmasının əhəmiyyəti yoxdur. Əgər yaşayış sənədi, yaşayış icazəsi yoxdursa, o zaman başqa heç bir sənəd Rusiya vətəndaşları üçün Gürcüstana giriş zəmanəti deyil”, - Kuroptev bildirib.
Rusiyanın Trabzondakı Baş Konsulluğu da Türkiyə tərəfdən Gürcüstana girişə “az qala hər gün” rədd cavabı verilməsindən danışıb.
Müharibə başlayandan sonra Gürcüstan rusiyalı miqrantlar üçün ən populyar ölkələrdən birinə çevrilib. Bir çox siyasi fəal və jurnalist ora köçüb.