Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Serbiya prezidenti Aleksandr Vuçiç Belqradda keçirdiyi mətbuat konfransında Qərbin Rusiyaya qarşı siyasətini pisləyiblər. Türkiyənin “Anadolu” agentliyinin məlumatına görə, Ərdoğan Qərbin əməllərini “tərəfləri təxribata çəkmək”, Ukraynaya göndərilən silahları isə “dəmir-dümür” adlandırıb.
“Mən Qərbin mövqeyinin yanlış olduğunu açıq şəkildə bəyan edirəm. Çünki Qərbin tərəfləri təxribata çəkməyə əsaslanan hərəkətləri var. Hərbi dəstək barədə elan edirlər. Halbuki, əslində, Qərbdə nə qədər köhnəlmiş silah və metal qırıntıları var, Ukraynaya göndərilir”, - deyə Ərdoğan bildirib. - Hazırda tərəflərdən birinin qalib gəldiyini deyə bilərsinizmi? Yox! Bu müharibənin qalibi yoxdur, amma itirənləri çoxdur. Çoxlu sayda insan ölür, maliyyə tərəfindən danışmaq yersizdir”.
Ərdoğan Avropadakı enerji böhranını da xatırladıb: “Rusiya qaz tədarükünü kəsib və Avropada qiymətlər sürətlə qalxıb. İndi [Avropa ölkələrində] hər yerdə qış fəslindən çıxmağın yollarını axtarırlar. Niyə bu barədə əvvəldən düşünmürdünüz? Axı Rusiyanın əlində mühüm resurs var”.
Aleksandar Vuçiç öz növbəsində qeyd edib ki, qarşıdakı aylar Aİ ölkələri üçün çox çətin olacaq.
“Bu qış hamımız üçün çox soyuq olacaq, gələn qış isə bütün Avropada qütb soyuqları olacaq. Heç kim həll yolları axtarmaq istəmir, güzəşt etmək istəmir, hamı düşmənin məğlubiyyətini gözləyir. Əgər siz həqiqətən də Rusiyanı hərbi yolla asanlıqla məğlub edə biləcəyinizi düşünürsünüzsə, onda bizə yalnız soyuq və qütb qışına yaxşı hazırlaşmaq qalır”, - TASS Serbiya prezidentinin sözlərindən sitat gətirib.