Kadırov müharibə əleyhinə təşkil olunan aksiyaya çıxacaq qadınların ərlərini və bütün uşaqlarını “cəbhə bölgəsinə” göndərəcəyi ilə hədələyib
Çeçenistan rəhbəri Ramzan Kadırov “xüsusi əməliyyat” keçirmək üçün operativ qərargahla görüşdə respublikada səfərbərliyin olmayacağını bəyan edib. “Kavkaz.Realii” yazır ki, Kadırovun bu çıxışı sentyabrın 22-də “Qroznı” televiziyasının axşam efirində yayımlanıb.
Kadırovun sözlərinə görə, Ukraynadakı müharibə zamanı döyüş əməliyyatlarında 20 min çeçen iştirak edib, ona görə də Çeçenistan artıq “planını 254 faiz artıqlaması ilə yerinə yetirib”. O, söhbətin hansı plandan getdiyini dəqiqləşdirməyib.
Respublika rəhbəri sentyabrın 21-də Qroznıda qadınların keçirməyə çalışdıqları müharibə əleyhinə mitinqdən də danışıb. Kadırov iddia edib ki, etiraz edən 40-a yaxın qadının qohumları artıq səfərbər olunaraq Ukraynaya göndərilib. O, həmçinin mitinqə çıxan hər kəsi və ya onların ərlərini və bütün uşaqlarını “cəbhə bölgəsinə” göndərəcəyi ilə hədələyib.
Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə “qismən səfərbərlik” elan edib. Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibəyə 300 min nəfərin cəlb olunacağını açıqlayıb.
Sentyabrın 15-də Ramzan Kadırov Rusiya regionlarının rəhbərlərini Kremlin hərbi vəziyyət elan etməsini gözləməməyə, “səfərbərlik” həyata keçirməyə və Ukraynadakı müharibəyə min könüllü göndərməyə çağırıb. Bəzi qubernatorlar Çeçenistan rəhbərinin təklifini dəstəkləyiblər.