Putin: “Bu, milyonlarla insanın iradəsidir”
Rusiya prezidenti Vladimir Putin işğal etdiyi qondarma “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərinin ərazilərinin Rusiya Federasiyasına qəbul edilməsi haqqında sazişləri imzaladığını açıqlayıb. “Bu, milyonlarla insanın iradəsidir” – o deyib.
Putin çıxışında bildirib ki, sonuncu sovet liderləri böyük ölkəni məhv etdilər: "1991-ci ildə qərar xalqın fikrinə əsaslanmadı, onlardan soruşmadılar və bütün əlaqələri kəsdilər. SSRİ artıq yoxdur - keçmişi qaytarmaq olmaz və biz buna can atmırıq".
Rusiya rəhbəri deyib ki, DNR, LNR, Zaporojye və Xerson əhalisi həmişəlik onların vətəndaşları olacaqlar, Kiyev bu 4 regionun əhalisinin qərarına hörmətlə yanaşmalıdırlar.
"Yalnız bundan sonra sülhdən danışmaq olar. Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Biz Kiyev rejimini döyüşü dayandırmağa və masa arxasında danışıqlara çağırırıq", deyə Vladimir Putin çıxışında bildirib.
Müqavilələri imzaladıqdan sonra Putin bu sənədlərin əsas qanunun normalarına uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Sənədlərin Rusiya Federasiyası Konstitusiyasının normalarına uyğunluğunun tanınması prosedurunun ardınca onlar ratifikasiya üçün Dövlət Dumasına və Federasiya Şurasına göndəriləcək. Dövlət Dumasının deputatları müqavilələri bazar ertəsi, oktyabrın 3-də ratifikasiya edəcəklər, ertəsi gün, oktyabrın 4-də isə senatorlar tərəfindən təsdiqlənəcək.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskva ilə müqavilələr bağlandıqdan sonra qondarma "DXR" və "LXR", eləcə də Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələri "Rusiya Federasiyasının, habelə Birlik Dövlətinin ərazisinin ayrılmaz hissəsi olacaq".
Peskov ayrıca vurğulayıb ki, Moskva 2014-cü ildə “DXR”-in bütün ərazisini, o cümlədən hazırda Ukraynanın nəzarətində olan və Donetsk vilayətinin təxminən yarısını təşkil edən hissəsini Rusiyanın tərkibinə daxil edəcək. “O ərazini azad etməliyik” - Peskov bildirib.
Kreml həmçinin paytaxtının işğal edilməməsinə və hələ də Kiyevin nəzarətində olmasına baxmayaraq, bütün Zaporojye bölgəsini Rusiya ərazisi hesab etmək niyyətindədir.
Bir gün əvvəl Putin Xerson və Zaporojye vilayətlərinin “dövlət suverenliyi və müstəqilliyinin tanınması haqqında” fərmanlar imzalayıb.
Ukrayna prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, əgər Rusiya qondarma “LXR”, “DXR”, Xerson və Zaporojye bölgələrinin işğal edilən bəzi hissələrinin öz ərazilərinə qatılmasına dair psevdoreferendumun nəticələrini tanıyarsa, o zaman Vladimir Putinlə "heç bir danışıqlardan söhbət gedə bilməz".
Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində psevdoreferendum keçirilib. Qondarma səsvermə nəticəsində Ukraynanın işğal olunmuş rayonlarının hakimiyyət orqanları bu ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi üçün Putinə müraciət ediblər.