Seçkiləri boykot etməyə görə partiya qeydiyyatının ləğvi ilə bağlı təklif REAL-dan göndərilib
Milli Məclisdə siyasi partiyanın fəaliyyətinin dayandırılacağı və bərpa ediləcəyi hallar müəyyənləşdiriləcək
Siyasi partiya qurmaq əvvəlki qədər asan olmayacaq. Milli Məclisə təqdim olunan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə partiyanın təsis, ləğv olunma qaydaları dəyişdirilir.
Qanun layihəsinə görə, siyasi partiyanın təsisi üçün üzvlük tələbi 10 dəfə artırılır. Belə ki, layihədə dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 min üzvü olması şərt olaraq qeyd edilib.
Əgər qanun qüvvəyə minərsə, bu tarixdən başlayaraq 90 gün müddətində üzvləri az olan partiyalar bu sayı 10 min nəfərə çatdırmalıdırlar. Daha sonra üzvlərinin reyestrini tərtib edib müvafiq orqana təqdim etməlidirlər.
Layihəyə əsasən, siyasi partiyanı Azərbaycanda son 20 il daimi yaşayan, tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaş təsis edə bilər.
Bundan əlavə, siyasi partiyanın sədri və sədr müavinləri yalnız Azərbaycanda son 20 il daimi yaşayan partiyanın üzvləri sırasından seçilməlidir.
Layihəyə görə, parlament, bələdiyyə, prezident seçkilərini ardıcıl 2 dəfə boykot etmiş siyasi partiyanın fəaliyyəti ləğv edilə bilər.
Arif Hacılı: “Prezidentin seçilməsi üçün ölkədə 10 il yaşaması tələb olunur, amma partiya sədri üçün bu tələb 20 ildir”
Müsavat Partiyasının sədri Arif Hacılı deyir ki, dəyişikliklər qanunla nəzərdə tutulan fəaliyyətin asanlaşmasına, inkişafına xidmət etməlidir.
Onun sözlərinə görə, Azərbaycanda qanuna, konstitusiyaya dəyişiklik edilirsə, bu, istənilən halda neqativ xarakter daşıyır, məhdudiyyətləri artırır.
“Yeni qanun da məhdudlaşdırmaya xidmət edir. Belə ki, siyasi partiya üzvlərinin siyahısının hakimiyyətə verilməsi müxalifət partiyaları üçün problem yaradacaq. Çünki sonradan hakimiyyət bu üzvlərə həm iş yerlərində, həm də ümumilikdə peşə fəaliyyətlərində mane olacaq. İkinci məsələ, bir nəfərin prezident seçilməsi üçün Azərbaycanda daimi olaraq 10 il yaşaması tələb olunur, ancaq siyasi partiyanın 200 nəfərdən ibarət təsisçisinin, sədrinin, sədr müavinlərinin 20 il yaşaması tələb olunur. Bu da tamamilə absurddur. Seçkilərdə ard-arda 2 dəfə iştirak etməyən partiyaların fəaliyyətinə xitam verilməsi də absurddur, çünki seçki hüquqdur, vəzifə deyil. Boykot da seçki prosesində hansısa formada iştirakdır. Ümumilikdə isə siyasi partiyaların işi təkcə seçkilərdə iştirak etmək deyil” - deyə partiya sədri qeyd edib.
Arif Hacılı bu qanun layihəsinin ümumilikdə anti-demokratik olduğunu bildirib.
Seçkiləri boykot etməyə görə partiya qeydiyyatının ləğvi ilə bağlı təklif REAL-dan göndərilib
Respublikaçı Alternativ Partiyasının Siyasi Şurasının üzvü Natiq Cəfərli deyir ki, partiyaların seçkilərdə bir neçə dəfə iştirak etmədiyi halda qeydiyyatlarının ləğvi barədə təklif REAL-dan olub.
Onun sözlərinə görə, bir neçə mütərəqqi təklifləri olsa da, onlar qanun layihəsinə əlavə edilməyib.
“Çalışacağıq ki, daha mütərəqqi təkliflər də verək. Qeydiyyatın asanlaşdırılması, siyasi fəaliyyətin tənzimlənməsində nəzarət mexanizmlərinin rolunun azaldılması ilə bağlı təkliflərimizi də təqdim edəcəyik. Siyasi partiya seçkilər üçün nəzərdə tutulub. Təbii ki, heç bir səbəb olmadan seçkilərdə iki dəfə iştirak etməyən partiyaların partiya kimi fəaliyyət göstərmələrinin bir mənası da qalmır” - deyə Natiq Cəfərli bildirib.
Qubad İbadoğlu: “Sədr üçün qoyulan 20 il Azərbaycanda yaşamaq tələbi ilə məni hədəfə alıblar”
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu hesab edir ki, partiya rəhbərliyi üçün nəzərdə tutulan son 20 ildə Azərbaycanda daimi yaşamaq tələbi onun üçün qoyulub.
Onun sözlərinə görə, daimi yaşayış yeri Azərbaycanda olsa da, son 4 ildə iş səbəbindən ölkədə yaşamır.
“Tələb bütövlükdə məni hədəfə alsa da, bu, həm də Azərbaycandan kənarda yaşayan, siyasi elmlər sahəsində təhsil alıb ölkəyə qayıdan ixtisaslaşmış kadrların siyasi partiya çərçivəsində inkişafına böyük maneədir. Bütün bunlarla yanaşı, qanun sərbəst birləşmək, seçilmək hüququna maneədir. Bu, bizim fundamental haqlarımızdır və Konstitusiya ilə qorunur” - deyə Qubad İbadoğlu bildirib.
Siyasətçi deyir ki, Azərbaycan Demokratiya və Rifah Partiyası təkcə Qubad İbadoğlundan ibarət deyil və onlar fəaliyyətlərini davam etdirəcəklər. Onun sözlərinə görə, partiyanın təcrübəli və peşəkar üzvləri, rəhbərləri var.
“Bizim əsas məqsədimiz partiya qurmaq, inkişaf etdirməklə Azərbaycana demokratiya, rifah gətirməkdir. Bu istiqamətdə mübarizəmiz davam edəcək. Amma biz çalışacağıq ki, belə mürtəce qanunu Azərbaycan hökuməti qəbul etməsin, qəbul etsə də, qanunun işləməsi mümkün olmasın. Mən inanıram ki, bunun tətbiqi baş verməyəcək. Çünki belə bir qanun Azərbaycanı geriyə aparacaq, Türkmənistana yaxınlaşdıracaq və bunun da daxili təsirləri ilə yanaşı, xarici təsirləri də olacaq” - deyə Qubad İbadoğlu bildirib.
YAP üzvü Aydın Hüseynov: “İki dəfə seçkilərdə iştirak etməyən partiyanın qeydiyyatının ləğvi düzgün yanaşmadır”
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyir ki, hazırda tətbiq olunan qanun 1992-ci ildə qəbul olunub, qanunun qəbulundan sonra həm Konstitusiya qəbul olunub, həm də yeni çağırışlar yaranıb. Ona görə də dəyişiklik zərurəti yaranıb.
Onun sözlərinə görə, yeni qanun beynəlxalq təcrübəyə uyğun hazırlanıb:
“Qanunda partiya üzvlərinin minimum say həddi 10 min nəfər nəzərdə tutulub. Adicə bir deputatın öz dairəsi üzrə 50 min nəfərə qədər seçicisi olur. Siyasi partiyanın fəaliyyəti üçün onun tərəfdarları, elektoratı olmalıdır. Əgər bu tərəfdarlar yoxdursa, onun üzvlərinin sayı bir deputatın dairəsindəki seçicilərin sayının 1/5 qədər, yəni 10 min nəfər deyilsə, sözsüz ki, bu partiyanın siyasi təsir dairəsi ola bilməz. Ona görə mən hesab edirəm ki, bu, çox düzgün yanaşmadır”- deyə o bildirib.
Aydın Hüseynov düşünür ki, iki dəfə seçkilərdə iştirak etməyən partiyanın qeydiyyatının ləğvi də düzgün yanaşmadır. Onun sözlərinə görə, partiyaların ən əsas vəzifəsi seçkilərdə iştirak edib üzvlərinin, tərəfdarlarının səsini almaqdır.
Son 20 ildə daimi olaraq Azərbaycanda yaşamayan şəxslərin partiya sədri, sədr müavini və icra aparatının rəhbəri olmaq hüquqlarının alınması məsələsinə də fikir bildirən Aydın Hüseynov deyib ki, qanun hələ qəbul olunmayıb, çox güman təhsil üçün xaricdə yaşayanların və s. şəxslərin məsələləri qanunun tətbiqi zamanı nəzərə alınacaq. Hələlik isə qanunun ictimai müzakirəsi aparılır.
Anar Məmmədli: “Bu tələblər olduqca absurddur...”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli deyir ki, qanuna gətirilən bu məhdudiyyətlərin legitim əsası olmalıdır. Onun sözlərinə görə, vətəndaşların birləşmək hüququnun məhdudlaşdırması istəyinin hansı məqsədlə edildiyi aydın deyil:
“Partiyaların seçkilərdə iştirakı üçün şərtlər asan olmalıdır, münbit şərait olmalıdır. Bu olmadıqda partiyaları seçkilərdə iştirak etməməkdə ittiham edib fəaliyyətdən kənarda qoymağın adı yoxdur. İkincisi də, bu, seçki prosesidir və siyasi münasibətləri seçkilər tənzimləməlidir. Əgər bir siyasi partiya bir neçə dəfə uğur qazana bilmirsə, niyə qeydiyyatı ləğv olunmalıdır? Bu, dövləti niyə qayğılandırır? Bu, çox absurddur. Tələb qoyublar ki, təsisçi son 20 ildə Azərbaycanda daimi yaşamış olmalıdır. Bəs bu adam xaricə gedib bizneslə məşğul olubsa? Xeyli adam var ki, diplomat kimi xaricə gedir, beynəlxalq təşkilatlarla işləyir. Təhsil almaq üçün gedə bilərlər. Belə çıxır ki, bu adamlar 5-6 il kənarda yaşayıb ölkəyə qayıtdıqdan sonra, onlara siyasi fəaliyyət imkanı verilməyəcək? Bu, olduqca absurddur və vətəndaşların siyasi hüquqlarını kobud şəkildə məhdudlaşdırmaqdır”, - deyə Anar Məmmədli bildirib.
Milli Məclisdən bildirilib ki, 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini parlamentə təqdim edib. Qanun layihəsi ilə bağlı ilk ictimai dinləmənin sentyabrın 28-də keçirilməsi gözlənilir.