“Əgər Azərbaycan öz sərhədinin hazırda dayandığı yerdə olması ilə öyünmək prinsipini rəhbər tutsa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaq. Əgər azərbaycanlılar keçmiş Sovet sərhədlərində dayansalar, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq”. “Armenpress” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada keçirilən iclasda deyib.
“Azərbaycan deyir ki, ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyaq. Deyirik ki, bununla razıyıq, tanıyırıq, amma bir dəqiqə, məsələn, Yuxarı Şorjada zəbt etdiyiniz ərazilər və sairə. Onlar kimin ərazi bütövlüyündə yerləşir? Əgər Azərbaycan deyirsə ki, bura onun ərazisidir, deməli, biz onun ərazi bütövlüyünü tanımırıq, çünki bura bizim ərazimizdir, mübahisəli ərazi deyil”- Paşinyan bildirib.
O əlavə edib ki, burada hərbi balans, kimin neçə silahı, kimin neçə müttəfiqi var, kimin müttəfiqi yaxşıdır, kiminki pisdir, fərqi yoxdur. Paşinyan əmin edib ki, bu, dəyişməz siyasi mövqedir.
“Dediyim mövqeyə əsasən, biz sülh sazişi imzalamağa, demarkasiya, delimitasiya aparmağa hazırıq. Amma Azərbaycan harasa təcavüz edib ərazi bütövlüyünün tanınmasından danışırsa, bu əsasda biz onun ərazi bütövlüyünü tanımırıq, çünki faktiki olaraq ərazi bütövlüyümüzü tanımır” - deyə Baş nazir bildirib.
Daha sonra Paşinyan vurğulayıb: “Ermənistan Sovet Sosialist Respublikasının müəyyən ərazisi var, əgər Azərbaycan bu ərazinin, bizim Respublikanın ərazi bütövlüyünü tanıyarsa, mən bu gün bu əsasda sülh razılaşması imzalamağa hazıram”.