Paşinyan BMT-də etdiyi çıxışında iddia edib ki, Azərbaycan Ermənistanın qırx kvadrat kilometrdən çox ərazisini işğal edib
“Mən Azərbaycan prezidentinə rəsmi və açıq sual verirəm: Ermənistan Respublikası kimi tanıdığınız və ya tanımağa hazır olduğunuz Ermənistanın xəritəsini mənə göstərə bilərsinizmi? Bunu niyə soruşuram? Çünki aydın ola bilər ki, Azərbaycanın rəsmi nöqteyi-nəzərinə görə, Ermənistanın yalnız yarısı, hətta daha azı Ermənistan Respublikasıdır”, - Ermənistanın baş naziri Nikol Paşinyan BMT tribunasından bu sözləri deyib.
Ermənistanın baş naziri iyirmi dəqiqəlik çıxışında əsasən Azərbaycanla münasibətlərdən danışaraq, Bakının Ermənistandan yeni ərazilər ələ keçirmək niyyətində olduğunu iddia edib.
Nikol Paşinyan sülh müqaviləsindən danışarkən bir daha bəyan edib ki, əgər Bakı da beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ermənistanı tanıyacaksa, o, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır.
Digər tərəfdən o, ötən ilki toqquşmalardan sonra bağlı qapılar arxasında aparılan danışıqların təfərrüatlarını açıqlayıb.
“Ötən may ayında Azərbaycan qırx kvadrat kilometrdən çox ərazini işğal edib. Sonra Azərbaycan bunu Yerevanın delimitasiya komissiyası yaratmaqdan imtina etməsi ilə əsaslandırıb. Biz imtina etmədik, sadəcə, təkid ettik ki, bununla yanaşı sərhəd təhlükəsizliyi mexanizmi də tətbiq edilsin. Nəhayət, sərhəd komissiyasının özünün sərhəd təhlükəsizliyində etibarlı amilə çevriləcəyini təkid edən beynəlxalq müttəfiqlərimizin xahişi ilə biz işə başlamağa razılaşdıq. İndi komissiya yaradılıb və işləyir, Azərbaycan hücumun yeni mərhələsinə başlayıb və həmin beynəlxalq müttəfiqlərdən bəziləri susur”.
Paşinyan ilyarım əvvəl onu güzəştə getməyə razı salan və hazırda Azərbaycandan yeni hücumlara reaksiya verməyən müttəfiqlərin kimliyini dəqiq deməyib.
Azərbaycan Prezidenti İlham Əliyev 21 sentyabrda Laçında etdiyi çıxışında bildirib ki, “sərhədlərin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir”. O əlavə edib ki, bütün xəritələrdə, o cümlədən XIX, XX əsrə aid olan xəritələrdə kimin hansı torpaqlarda yerləşdiyi açıq-aydın görünür.