Ötən il yaşı 16-ya qədər olan 84 nəfər ana olub

Ötən il yaşı 16-ya qədər olan 84 nəfər ana olub
28 Sentyabr 2022
Mətni dəyiş

Kəmalə Ağazadə: "Biz deyəndə ki, polis hara baxır, cavab verirlər ki, "şikayət varsa, axtarıb-tapırıq""

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda yaşı 16-ya qədər olan 84 nəfər ana olub.

Rəsmi statistikaya görə, 2021-ci ildə 18 yaşı tamam olmadan ana olanların sayı isə 1650 nəfərdir.

Qurumdan verilən məlumata görə, ötən il həmçinin 18 yaşı tamam olmayan 1 oğlan və 137 qız nikaha daxil olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu AbzasMedia-ya deyib ki, şəhər və kəndlərdə kifayət qədər maarifləndirmə işləri aparılsa da, hələ də öz övladlarına təhsil vermək əvəzinə, onları evləndirməyi üstün tutan ailələr qalıb:

“Bu faktlar aşkarlandıqda, təbii ki, qarşısı alınır və kifayət qədər belə hallar araşdırılaraq önlənib. Ancaq, görünür, bunu hansısa formada gizli şəkildə edirlər. Biz komitə olaraq daim müraciət edirik ki, belə hallar olduqda yaxınlıqdakı qohum-qonşuya, aidiyyəti qurumlara, elə bizim komitəyə müraciət etsinlər”- komitənin mətbuat katibi bildirib.

T.Mərdanoğlunun sözlərinə görə, onlara erkən nikah halları ilə bağlı informasiya daxil olanda dərhal bu barədə hüquq mühafizə orqanlarını, icra hakimiyyətlərinin nəzdindəki yetkinlik yaşına çatmayanların hüquqlarını müdafiəsi komissiyalarını məlumatlandırırlar. "Nəticədə ailə ilə profilaktik söhbətlər aparılır və nikahın qarşısı alınır"- o deyib.

Qurumun mətbuat katibi bildirib ki, əgər məcburetmə halları aşkarlanarsa, valideynlər cinayət məsuliyyətinə də cəlb edilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib ki, erkən nikahlarla bağlı yalnız quruma daxil olan müraciətlər əsasında statistika aparılır və cinayət tərkibi, inzibati hallarla bağlı aidiyyəti qurumlar məlumatlandırılır. O, hazırda neçə fakt üzrə cinayət işinin başladılması haqda məlumatsız olduğunu söyləyib.

“Bütün məlumatlar toplanaraq aidiyyəti üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və prokurorluğa təqdim edilir” – DİN-in mətbuat katibi qeyd edib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib ki, "nə qədər ki, erkən nikahlara adət-ənənə donu geyindiriləcək", bu statistikalar artmaqda davam edəcək. Kəmalə xanım bildirib ki, bu işə məsul olan icra hakimiyyətləri erkən nikahların qarşısını almaqda acizlik göstərir.

“İcra hakimiyyətləri Prezidenti rayonlarda təmsil edən qurumlardır və o qurumlar bu gün “Mən necə edim?”, “Mən nə edim?” deyib qızları o evlərdən çıxarmırsa, qaçırılmış 16 yaşlı qız həmin evdə qalacaq və bir ildən sonra biz onu əlində uşaqla görəcəyik. Çünki bunun qarşısının alınmasının mexanizmi var, sadəcə etmək istəmirlər” – Birliyin sədri deyib.

Kəmalə Ağazadə qeyd edib ki, erkən nikahların qarşısının alınmasında əsas məsul qurumlar icra hakimiyyətləri, sosial xidmət agentlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və məhkəmələrdir.

“Bir uşağın həmin ailədən çıxarılmasının qərarını icra hakimiyyəti, komissiya çağıraraq verməlidir. Adlarını çəkdiyim qurumların orada nümayəndəsi var. İcra hakimiyyətləri yanında məişət zorakılığı monitorinq qrupları var. Bu dediyim qurumların nümayəndələri də orada təmsil olunur. Bəlkə evindən qaçan qız şiddət görür? Sərəncam verilməli və o, nəzarətə götürülməlidir. Onunla iş aparılmalıdır. Həm şiddət gördüyü ailədən, həm qoşulub qaçdığı şəxsdən uzaqlaşdırılmalıdır, bir mərkəzə yerləşdirilməlidir”.

Kəmalə Ağazadənin fikrincə, qanunvericilikdə müəyyən boşluqlar var və icra hakimiyyəti yanında komissiyaların istisna hallarda erkən nikaha icazə vermə səlahiyyətləri aradan qaldırılmalıdır.

“Əgər qız 16 yaşından sonra cinsi əlaqədə olubsa, bu, onunla cinsi münasibətdə olan şəxsi cinayət məsuliyyətindən azad etməməlidir. Polis bu istiqamətdə iş aparmalıdır. Biz deyəndə ki, polis hara baxır, cavab verirlər ki, “şikayət varsa, axtarıb-tapırıq. Amma növbəti addımları aidiyyəti qurumlar atmalıdır. Biz birlikdə işləməliyik”. Hanı o birlikdə işləməli olan qurumlar?”

Birliyin sədri söyləyib ki, problemdən çıxış yolu kimi polis və prokurorluq icra hakimiyyətləri və aidiyyəti qurumlarla əməkdaşlıq nəticəsində atacaqları növbəti addımları müəyyənləşdirməlidirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun