Qismən səfərbərlik elanından sonra Rusiyadan xaricə birbaşa aviauçuşlara bilet qurtarıb
Rusiyada səfərbərliyə qarşı imzatoplama kampaniyasına start verilib. “Meduza” nəşri qeyd edir ki, change.org saytında başladılan petisiyanı artıq 70 minə yaxın insan imzalayıb.
Petisiyaya yerləşdirilən müraciətdə deyilir:
“Biz Rusiya vətəndaşları, qadınlar və kişilər ümumi və qismən səfərbərliyə qarşıyıq. Prezident Vladimir Putinin bunu elan etməsi üçün heç bir hüquqi əsası, səbəbləri yoxdur və ola da bilməz. Hazırkı qeyri-müəyyənlik şəraitində biz ölkəmizin kişilərini - qardaşları, oğulları, ərləri, ataları və babaları mənəvi və ya fiziki təhlükəyə məruz qoymağa hazır deyilik”.
“The Village” nəşri isə xəbər verir ki, Rusiya ilə aviauçuşları qoruyub-saxlayan ölkələrə biletlərin qiyməti səfərbərlik xəbəri və ehtimal olunan hərbi vəziyyət barədə şayiələr fonunda kəskin artıb.
Artıq bir neçə ölkəyə birbaşa istiqamətlərdə reyslərin qalmadığı, təyyarə dəyişməklə edilən uçuşlarda isə biletlərin qiymətlərinin kəskin artdığı qeyd edilib.
Sentyabrın 21-də səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Müdafiə naziri Sergey Şoyqu 300 min ehtiyatda olan hərbçinin orduya çağırılacağını açıqlayıb.