Dövlət Departamentinin Qafqaz üzrə danışıqlarda baş müşaviri təyin edilən Filip Riker bu həftə regiona səfər edəcək.
Bunu “Turan”a Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
O bildirib ki, bu, Filip Rikerin yeni vəzifədə ilk səfəri olacaq.
“Filip Riker hər üç ölkədə regiondakı əsas məsələləri müzakirə etmək, həmçinin tərəfdaşlara kömək etmək və regional əməkdaşlıqda konstruktiv iştirak etmək yollarını tapmaq üçün yüksək vəzifəli şəxslərlə görüşəcək” – deyə Patel söyləyib.
F. Riker bu ilin iyununda Minsk Qrupunun amerikalı həmsədri təyin edilmiş Laura Okanı əvəz edəcək.
Avqustun 24-də Filip Riker ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi təyin edilib.
O, həmçinin ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri olacaq.
Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken açıqlama yaymışdı.
“Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda məşğul olacaq və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa kömək edəcək”, – deyə Blinken bildirmişdi.
Ancaq Azərbaycan Xarici İşlər Nazirliyi F.Rikerin təyinatına mənfi reaksiya verərək, bunu ATƏT-in “faydasız” Minsk Qrupunu canlandırmaq cəhdi kimi qiymətləndirmişdi.