Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır. Bu barədə KTMT-nin qərargah rəhbəri Anatoli Sidorov məlumat verib.
Sidorov təşkilatın Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini vurğulayıb.
“Gəlin, tələsməyək. Sentyabrın 13-də dövlət başçıları yekdilliklə bəyan etdilər ki, Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi və diplomatik üsullarla həll edilməlidir. Yəni nə sentyabrın 13-də, nə dünən, nə də bu gün hər hansı bir güc tətbiqinə gərək var. Məncə, yaxın gələcəkdə də KTMT-nin iştirakı ilə hərbi güc tətbiqindən söhbət getmir”, – deyə Anatoli Sidorov Moskvada keçirdiyi brifinqdə deyib.
O bildirib ki, səfərin yekunlarına əsasən KTMT missiyası təşkilata üzv ölkələrin dövlət başçılarının rəhbərlərinə hesabat təqdim edəcək.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 13-də təşkilatın iclasında Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasının göndərilməsi təklifi ilə çıxış edib.
Sentyabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ərazi bütövlüyünün bərpası və Azərbaycan ordusunun çıxarılmasının təmin edilməsi üçün KTMT-yə 4-cü maddəyə əsasən müraciət etdiyini açıqlayıb.
Müqavilənin bu maddəsi hərbi yardımın göstərilməsini nəzərdə tutur.
Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.
Azərbaycan Müdafiə Nazirliyi 71, Ermənistan isə 105 hərbçisini itirdiyi haqda məlumat yayıb.