Rusiya və Türkiyədən Nensi Pelosinin açıqlamalarına etirazlar gəldi
“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Azərbaycan və Ermənistan arasındakı sərhəd münaqişəsinin səbəbləri ilə bağlı “səs-küylü açıqlamaları” çətin ki, vəziyyətin sabitləşməsinə kömək etsin”. “Reuters” yazır ki, bu barədə bazar ertəsi Kremldən bildirilib.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə söhbət zamanı qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinə “səbirli və işgüzar yanaşma” öz bəhrəsini verəcək.
"Münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə kömək edə biləcək səbirli və işgüzar yanaşma ilə edilən hər şeyi alqışlamaq olar. Bu cür səs-küylü hərəkətlər və bəyanatlar, həqiqətən də, münaqişənin həllinə töhfə verə bilərmi? Gözləyək” – Peskov bildirib.
Türkiyənin vitse-prezidenti Fuat Oktay da bazar ertəsi verdiyi açıqlamada ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan və Azərbaycan arasındakı toqquşmalarla bağlı “qərəzli” bəyanatların “diplomatik cəhdlərə qarşı təxribat” və qəbuledilməz olduğunu bildirib.
Ermənistana səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi 18 sentyabrda etdiyi çıxışda bildirib ki, “sərhəddəki döyüşlərə azərbaycanlıların Ermənistana hücumlar səbəb olub və münaqişənin xronologiyası aydınlaşdırılmalıdır”.
O bildirib ki, bu hücum azərbaycanlıların təşəbbüsüdür və bunu etiraf etmək lazımdır. “Biz bu hücumları qətiyyətlə pisləyirik” - deyə o əlavə edib.