İran prezidenti bildirib ki, “iğtişaş aktları” qəbuledilməzdir və onlar belə aktlara qarşı qətiyyətlə mübarizə aparmalıdır
İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlər böyük etiraz aksiyalarına çevrilib.
Təbriz, Urmiya, Rəşt və Həmədan şəhərlərindəki mənbələrdən Reuters-ə verilən məlumata görə, bir neçə şimal-qərb bölgəsində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş verib.
İranın dövlət televiziyası bildirib ki, Əmininin ölümündən sonra sentyabrın 16-da başlayan etiraz aksiyalarından bəri 41 nəfər həlak olub. Mehr xəbər agentliyi bazar günü bildirib ki, İnqilab Keşikçiləri Korpusunun himayəsində olan “Bəsic” qruplaşmasının da 8 üzvü həlak olub.
Fəallar bildiriblər ki, etiraz aksiyaları paytaxt Tehranın rayonlarında da geniş yayılıb.
Ölkənin əsas müəllim həmkarlar ittifaqı bazar günü sosial mediada yayımladığı bəyanatda müəllimləri və tələbələri bazar ertəsi və çərşənbə günü milli tətil keçirməyə çağırıb.
İttifaq müəllimləri, həmkarlar ittifaqlarını, müharibə veteranlarını və incəsənət xadimlərini “bu çətin, lakin ümidli günlərdə şagirdlərə, tələbələrə və ədalət axtaran insanlara dəstək olmağa” çağırıb.
Hədis Nəcəfi adlı 20 yaşlı qadını çərşənbə günü təhlükəsizlik qüvvələri güllələyərək öldürüb. Bu barədə onun bacısı xəbər verib. Nəcəfinin Kərəcdə hicabsız etirazını əks etdirən videoları Twitter-də yerləşdirilib.
Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell deyib ki, İran “etirazlara qarşı amansız repressiyalarına dərhal son qoymalı və internetə çıxışı təmin etməlidir”. O, həmçinin İran hökumətini öldürülən və həbs edilənlərin sayı barədə məlumat verməyə və “Məhsa Əmininin qətli” ilə bağlı araşdırma aparmağa çağırıb.
İran prezidenti İbrahim Rəisi deyib ki, İran ifadə azadlığını təmin edir və o, Əmininin ölümü ilə bağlı araşdırma aparılmasına göstəriş verib. O, həmçinin bəyan edib ki, “iğtişaş aktları” qəbuledilməzdir və İran belə faktlara qarşı qətiyyətlə mübarizə aparmalıdır. Rəisi Birləşmiş Millətlər Təşkilatındakı çıxışında Əmini işinin geniş şəkildə işıqlandırılmasının "ikili standart" olduğunu deyib.
Əmininin ölümü İranda şəxsi azadlıqların məhdudlaşdırılması, qadınlar üçün sərt geyim qaydaları və sanksiyalara məruz qalan iqtisadiyyat kimi məsələlərə görə qəzəbi yenidən alovlandırıb.
Etirazlarda qadınların böyük rolu olub, onlar baş örtüklərini yandırıblar. Etirazçılar ali lider Ayətullah Əli Xameneini devirməyə çağırarkən qadınlardan bəziləri açıq şəkildə saçlarını kəsiblər.
Beynəlxalq təşkilatlar İran hökumətinin ölkədə interneti məhdudlaşdırdığına görə ölən və yaralananlarla bağlı dəqiq məlumat ala bilmədiklərindən şikayətləniblər.