“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu son qarşıdurmadan sonra hər iki ölkənin sərhəddində baş verən dəyişikliklərlə bağlı xəritə yayımlayıb
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu Azərbaycan və Ermənistanın rəsmi, qeyri-rəsmi mənbələrindən topladığı məlumatlar əsasında xəritə yayımlayıb. Xəritədə göstərilir ki, sentyabrın 12-dən 15-nə kimi davam edən sərhəd döyüşlərində bəzi ərazilər Azərbaycanın nəzarətinə keçib:
“Azərbaycan Ermənistan ərazisinin 30 faizə qədərinə fiziki və vizual olaraq nəzarət etmək iqtidarındadır. Nəzarət altına keçən ərazilərə baxdıqda, Zəngəzur və Göyçənin demək olar ki, bütün logistik-nəqliyyat əlaqələri müşahidə altına düşür”.
İnstitut bildirib ki, Azərbaycan Ermənistan ərazisində 200 kvadrat kilometr əraziyə fiziki olaraq nəzarət edir:
“Əsgərlər ordadır, postlar qurulub. 845 kvadrat kilometr birbaşa nəzarət zonasıdır və atıcı silahların hədəfidir. 2500 kvadrat kilometr ərazi isə vizual nəzarət altındadır və ağır silahların hədəf zonasıdır” – deyə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun məlumatında qeyd olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva AbzasMedia-ya bildirib ki, nazirlik yalnız rəsmi məlumatları şərh edir. O, İstitutun yaydığı xəritəni şərh edə bilməyəcəyini açıqlayıb.
Sentyabrın 12-dən etibarən Azərbaycan-Ermənistan arasında hərbi gərginlik artıb. 3 gün davam edən döyüşlərdə Azərbaycan 80, Ermənistan isə 105 hərbçisini itirdiyini açıqlayıb. Hər iki ölkə bir-birini təxribatda ittiham edib.