AXCP RH üzvü: “Aksiyada baş verə biləcək xoşagəlməz hadisələrin məsuliyyətini hüquq-mühafizə orqanları daşıyacaq"

AXCP RH üzvü: “Aksiyada baş verə biləcək xoşagəlməz hadisələrin məsuliyyətini hüquq-mühafizə orqanları daşıyacaq"
29 Sentyabr 2022
Mətni dəyiş

DİN: "Polislərlə aksiya iştirakçıları arasında baş verə biləcək bütün hadisələrin məsuliyyəti təşkilatçıların üzərində qalacaq"

Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sentyabrın 30-da Milli Məclisin qarşında keçirməyi planlaşdırdığı aksiyanın qarşısının alınacağını bildirib.

DİN Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib ki, Bakı şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsinə icazə verməyib:

"Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir”.

DİN açıqlamasında bildirib ki, bu cür cəhdlərin qarşısı alınarkən polislərlə aksiya iştirakçıları arasında baş verə biləcək bütün hadisələrin məsuliyyəti təşkilatçıların üzərində qalacaq.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov deyib ki, DİN-in bu açıqlaması aksiyaya çıxmaq istəyənləri fikrindən daşındırmağa hesablanıb:

“Məqsəd insanların aksiyaya çıxmasına əngəl olmaqdır. Bu açıqlama özü sərbəst toplaşma azadlığının pozuntusudur. Çünki ortada insanları aksiyaya çıxmamaq üçün çəkindirəcək real təhlükə və bunu sübuta yetirən faktlar yoxdur. Bu, bir qrup insanın hakimiyyətinin qorunması üçün hesablanmış bir açıqlamadır” – A.Məhərrəmov bildirib.

Partiya sözçüsü əlavə edib ki, aksiya dinc xarakter daşıyır və tələblər də qanunidir: “Tələblər arasında təxribat yaradacaq heç nə yoxdur. Ümid edirik ki, heç olmasa bu dəfə dözümlü yanaşılacaq və sərbəst toplaşma azadlığına hörmət olunacaq. Təəssüf ki, DİN-nin açıqlaması bunun əksini deyir”.

Aqil Məhərrəmov vurğulayıb ki, aksiyada baş verə biləcək istənilən xoşagəlməz hadisənin məsuliyyətini hüquq-mühafizə orqanları daşıyacaq:

"Çünki aksiya barədə məlumatlıdılar və təhlükəsizliyi təmin etməklə görəvlidirlər"- o deyib.

AXCP “Siyasi partiyalar haqqında” qanun layihəsinə etiraz etmək, həmçinin siyasi məhbuslara azadlıq, azad seçki, demokratik dəyişikliklər, quru sərhədlərin açılması, Rusiyada hərbi səfərbərliyə alınmaq təhlükəsi ilə üzləşən azərbaycanlıların vətənə qayıdışının təşkili tələbləri ilə 30 sentyabrda Milli Məclisin qarşısında aksiya keçirəcəyini açıqlayıb.

Sentyabrın 7-də Milli Məclisə təqdim olunan “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə Azərbaycanda partiya qeydiyyatı üçün üzvlük sayı 10 min nəfərə qaldırılır. Son 20 ili ölkədə daimi yaşayan azı 200 vətəndaş partiya təsis edə bilər.

Bundan başqa, partiya parlament, prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq iki dəfə iştirak etmədikdə Ədliyyə Nazirliyi apelyasiya məhkəməsində iddia qaldırıb qurumun ləğvini istəyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun