Ağ Evin mətbuat katibi bildirib ki, sığınacaq üçün edilən müraciətlərə ayrı-ayrılıqda baxılacaq
“Səfərbərlikdən gizlənən Rusiya vətəndaşları ABŞ-a sığınacaq üçün müraciət edə bilərlər”. Bunu 28 sentyabrda keçirilən konfransda Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.
O əlavə edib ki, vətəndaşlığından asılı olmayaraq, onlar ABŞ-da sığınacaq üçün müraciət edə bilərlər və hər bir müraciətə ayrı-ayrılıqda baxılacaq.
Daha əvvəl Almaniya hakimiyyəti bəyan etmişdi ki, müəyyən şərtlər daxilində Rusiya ordusunda hərbi xidmətdən yayınanlara və “Putin rejiminin əleyhdarlarına” sığınacaq verməyə hazırdırlar.
Rusiyada səfərbərlik sentyabrın 21-də elan edilib. O vaxtdan bəri minlərlə insan ölkəni tərk edib. Təkcə qonşu Qazaxıstan, Gürcüstan, Monqolustan və Finlandiya 200 minə yaxın rus qəbul edib.
Bəzi Avropa İttifaqı ölkələri, xüsusən də Latviya və Çexiya səfərbərlikdən gizlənən ruslara viza verməyəcəklərini bildiriblər.
Öz növbəsində Avropa Komissiyası bildirib ki, Avropa İttifaqı səfərbərlik şəraitində sığınacaq istəyən rusların ölkəyə giriş hüququna zəmanət verməlidir.