ABŞ dövlət katibi Entoni Blinken bazar günü prezident İlham Əliyevlə növbəti telefon danışığı zamanı Ermənistanla atəşkəs rejiminə riayət etməyə çağırıb. Bu barədə Dövlət Departamentinin rəsmi səhifəsindən məlumat yayılıb:
“Dövlət katibi prezident Əliyevi atəşkəs rejiminə hörmətlə yanaşmağa, hərbi qüvvələri çıxarmağa və Ermənistanla Azərbaycan arasında hələ də həll edilməmiş məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırıb” - Departamentin sözçüsü Ned Prays deyib.
Ötən həftə Ermənistanla hərbi qarşıdurma baş verəndən bəri bu, Blinkenin Azərbaycan prezidenti ilə ikinci telefon danışığıdır.
Bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryan Azərbaycan hərbçilərinin Ermənistanın Cermuk istiqamətində, eləcə də cəbhə boyu 8-8,5 km, Nerkin Xənd və Şorja istiqamətində 1-1,5 km, İşxanasər istiqamətində 0,5 km irəlilədiyini bildirmişdi.