Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bölgəni atəşə tutması səbəbindən Ukraynanın Zaporojiya Atom Elektrik Stansiyasında (AES) elektrik enerjisinin saatlarla kəsildiyini, bununla da dünyanın radiasiya fəlakətindən az fərqlə xilas olduğunu bildirib.
Moskva isə bu iddianı təkzib edib.
Kreml bildirib ki, Rusiya ordusu AES-də belə bir vəziyyətin yaranmasına səbəb olmayıb.
Zelenski isə deyir ki, Rusiyanın atəşi Avropanın ən böyük obyekti olan reaktor kompleksini elektrik şəbəkəsindən ayırıb. Üstəlik, yaxınlıqdakı kömür elektrik stansiyasının kül quyularında yanğınlara səbəb olub.
“Ehtiyat dizel generatorları zavodun soyutma və təhlükəsizlik sistemləri üçün həyati əhəmiyyət kəsb edən enerji təchizatını təmin edib. Bu baxımdan Rusiya hərbçilərinin nəzarəti altında zavodu idarə edən ukraynalı texniklər böyük iş bacarıb. Əgər stansiyadakı əməkdaşlarımız işıqların kəsilməsinə dərhal reaksiya verməsəydi, o zaman biz artıq radiasiya qəzasının nəticələrini aradan qaldırmaqla məşğul olmalıydıq”.
Prezident əlavə edib ki, Rusiya Ukraynanı və bütün Avropanı radiasiya fəlakətinin bir addımlığına yaxınlaşdırıb.
Zavodun yaxınlığındakı işğal olunmuş Enerhodar şəhərciyinə Rusiya tərəfindən təyin edilmiş məmur Vladimir Roqov nəzarət edir.
O, yaxınlığındakı meşədə baş verən yanğında Ukrayna silahlı qüvvələrini günahlandırıb. Bildirib ki, bölgədəki şəhərlər bir neçə saat elektrik enerjisini itirib.
“Buna Zelenskinin döyüşçülərinin təxribatları nəticəsində Zaporojiya AES-dən elektrik xətlərinin kəsilməsi səbəb olub”, – Roqov “Telegram”da yazıb.
Əlavə edib ki, elektrik şəbəkəsindən ayrılmanın özü də yanğın və elektrik naqillərində qısaqapanma nəticəsində baş verib.
Ukraynanın dövlət nüvə şirkəti Enerqoatom bildirib ki, bu, altı aydır davam edən müharibənin qaynar nöqtəsinə çevrilən stansiyada ilk tam kəsilmə olub.
Rusiya fevralın sonunda Ukraynaya silahlı müdaxiləyə başlayıb.
Martda zavodu ələ keçirib və o vaxtdan ona nəzarət edir. Baxmayaraq ki, ukraynalı texniki işçilər hələ də orada işləyirlər.
Birləşmiş Millətlər Təşkilatı (BMT) zavoda giriş əldə etməyə çalışır və ərazini demilitarizasiya etməyə çağırıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi də bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəsmiləri Zaporojiyaya səfər etmək imkanına yaxındırlar.
Rusiya və Ukrayna bir-birini ərazini atəşə tutmaqda ittiham edərək, nüvə fəlakəti qorxusunu artırıb.
Nüvə mütəxəssisləri stansiyanın istifadə olunmuş nüvə yanacağı hovuzlarına və ya onun reaktorlarına ziyan vurma riski barədə xəbərdarlıq edib.
Hovuzların soyudulması üçün lazım olan enerjinin kəsilməsi fəlakətli dağılmaya səbəb ola bilər.
Milli təhlükəsizlik üzrə ekspert, Yale İdarəetmə Məktəbinin professoru Paul Bracken deyib ki, artilleriya mərmiləri və ya raketlərin reaktorun divarlarını deşə biləcəyi ehtimalı narahatlıq yaradıb.(Meydan TV)
Onun sözlərinə görə, 1986-cı ildə Çernobıl reaktoru ilə bağlı qəzada olduğu kimi, potensial olaraq böyük bir əraziyə radiasiya yayıla bilər.
Bracken, Zaporojiya zavodunda hər hansı uğursuzluğun yüzlərlə və ya minlərlə insanın ölümünə səbəb ola biləcəyini, Avropaya çatan daha böyük əraziyə ekoloji zərər vura biləcəyini bildirib.
(Toplum)