Ukraynanın təmizləmə əməliyyatları davam edir

Ukraynanın təmizləmə əməliyyatları davam edir
31 Avqust 2022
Mətni dəyiş

Ukrayna prezidentinin ofisi çərşənbə axşamı Ukraynanın cənubundakı Xerson vilayətində, Rusiya qüvvələrinin işğal etdiyi ərazidə şiddətli döyüşlərin getdiyini, Ukraynanın ərazilərini geri almaq cəhdi ilə əks-hücum əməliyyatına başladığını bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi gecə çıxışında Ukrayna qüvvələrinin öz ərazilərini geri alacağına söz verib. O, Ukraynanın rus qoşunlarını “sərhədədək” təqib edəcəyini bildirib.

“Əgər onlar sağ qalmaq istəyirlərsə, Rusiya ordusunun qaçmasının vaxtı gəlib. Evinizə gedin,” Zelenski deyib.

“Xerson vilayəti də daxil olmaqla, bu gün biz müxtəlif istiqamətlərdə hücuma başladıq,” Ukraynanın ictimai “Suspilne” kanalı cənub komandanlığının sözçüsü Natalya Humenyuka istinadən bildirib.

Rusiya fevralın sonunda başladığı ilk hücumu zamanı şimalda Ukrayna paytaxtı Kyivi ələ keçirə bilməsə də, Qara dəniz sahili boyunca cənubda geniş ərazilərə nəzarəti ələ keçirib.

Aylardır döyüşlər Ukraynanın şərqində, Rusiyanın dəstəklədiyi separatçılar və Kyiv qüvvələrinin 2014-cü ildən bəri döyüşdüyü Donbas bölgəsində gedir. Moskva həmin il Ukraynanın Krım yarımadasını ilhaq edib. Rusiyanın bu addımı beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.

Ukraynanın şərqində son həftələr münaqişə Rusiya və Ukrayna qüvvələrinin əraziləri ələ alması və itirməsi ilə davam edir.

Lakin ABŞ başda olmaqla, Qərb müttəfiqlərinin Kyiv hökumətinə silah göndərməyə davam etməsi Ukraynaya ölkənin cənub bölgələrində hücumları davam etdirmək üçün inam verə bilər.

Ukrayna Prezidenti Volodimir Zelenskinin baş müşaviri bazar ertəsi bildirib ki, Ukrayna qoşunları Rusiya ordusunun Xerson yaxınlığında ələ keçirdiyi bir neçə cəbhə xəttini yarıb.

Oleksiy Arestoviç Ukrayna qüvvələrinin eləcə də Rusiyanın Xerson bölgəsindəki qüvvələrini təchiz etmək üçün istifadə etdiyi bərələri atəşə tutduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi Rusiya qüvvələrinin Xerson və Mikolayev vilayətlərində Ukraynanın hücumlarını dəf etdiyini və Ukrayna qüvvələrinin “ağır itkilər” verdiyini bəyan edib.

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bazar ertəsi jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın Xerson yaxınlığındakı hücumu barədə “yaxın 24-36 saat ərzində” daha çox məlumat əldə edəcək. Rəsmi deyib ki, cənubda Ukrayna qüvvələrinin sayı Rusiya qüvvələrinin sayı ilə bərabərləşir.

Döyüş strategiyası BMT-nin Atom Enerjisi Agentliyinin rəhbərinin başçılığı ilə nümayəndə heyətinin cəbhə xəttinin yaxınlığında yerləşən Zaporijye atom elektrik stansiyasına yola düşdüyünə dair məlumatı ilə eyni vaxta təsadüf edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi Twitter səhifəsində “bu həftənin sonunda” elektrik stansiyasında olacaq komandaya rəhbərlik etdiyini yazıb.

“Biz Ukraynanın və Avropanın ən böyük nüvə obyektinin təhlükəsizliyini təmin etməliyik,” Qrossi bildirib.

Nüvə agentliyinin bildirdiyinə görə, missiyanın əsas diqqəti zavodda fiziki zərərin qiymətləndirilməsi, qorunma və təhlükəsizlik sistemlərinin yoxlanması, idarəetmənin müəyyən edilməsi, işçilərin vəziyyətinin qiymətləndirilməsi və “təcili mühafizə tədbirlərinin” həyata keçirməsinə yönəldiləcək.

(VOA)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun