Səlim Müslümovun məhkəmə prosesi təxirə salınıb

Səlim Müslümovun məhkəmə prosesi təxirə salınıb
1 Avqust 2022
Mətni dəyiş

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutmalı olan məhkəmə iclası təxirə salınıb.  

Buna səbəb məhkəmə hakimlərindən birinin COVID-19 infeksiyasına yoluxmasıdır. 

S.Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri postunda işləyib. Ondan əvvəl isə təqribən 11 il Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik edib. 

Onun adı 1990-cı illərində "Kapital Bank"ın Səbail filialından milyonların mənimsənilməsi ilə bağlı aparılan cinayət işində hallansa da, sonradan daha məsul vəzifələrə irəli çəkilmişdi. S.Müslümov buna qədər ona qarşı səslənən ittihamları qəbul etməyib. 

Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilib. 

Bu il mayın 26-da onun barəsində seçilmiş həbs qərarı ev dustaqlığı ilə əvəz olunub. Məlumata görə, sabiq nazirin səhhəti səbəbindən ev dustaqlığına buraxılması ilə bağlı müraciətə baxılıb, məhkəmə müraciəti təmin edib. 

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. Bu maddələrlə təqsirləndirilən şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər. Hələlik, bu ittihamlara onun özündən və ya vəkilindən ayrılıqda münasibət almaq mümkün olmayıb.

Toplum TV

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun