Qərb ölkələri Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynanın hərbi ehtiyacları üçün bir milyard yarım avrodan çox vəsait ayırmağa söz verib.
"Azadlıq Radiosu" xəbər verir ki, bu barədə avqustun 12-də Kopenhagendə 26 ölkənin müdafiə nazirlərinin konfransında bildirilib.
Bu vəsaitdən silah, raket və sursatların tədarükü, Ukrayna üçün silah istehsalının artırılması, ukraynalı əsgərlərin təlimi və Ukraynanın müharibə gedən ərazilərində minaların təmizlənməsi üçün istifadə olunacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski videobağlantı vasitəsilə Qərb müttəfiqlərindən daha çox maliyyə vəsaiti və silah-sursat istəyib. "Rusiyanı nə qədər tez dayandırsaq, özümüzü bir o qədər tez təhlükəsiz hiss edəcəyik. Müdafiəmiz üçün silah-sursat lazımdır", - deyə Zelenski bildirib.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov isə jurnalistlərə bildirib ki, qırıcı təyyarələrin tədarükü ölkə üçün prioritet məsələdir. Bununla belə, müttəfiqlər hələ ki, Kiyevə döyüş təyyarələri göndərmək qərarına gəlməyiblər, lakin onlar başqa silah növlərini tədarük etmək niyyətindədirlər.
Polşa, Slovakiya və Çexiyanın müdafiə nazirləri Ukrayna üçün artilleriya sistemləri, sursat və digər hərbi texnikanın istehsalını genişləndirməyə hazır olduqlarını bildiriblər.
Böyük Britaniya çoxsaylı reaktiv yaylım atəşi sistemləri və 80 kilometrə qədər məsafədəki hədəfləri vura bilən M31A1 dəqiq idarə olunan raketlər də daxil olmaqla əlavə 300 milyon avro ayırmağı vəd edib.
Birgə bəyanatda konfransda iştirak edən ölkələr Ukraynaya daimi və davamlı hərbi dəstək verməyə söz veriblər.
Toplum TV