Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyakın fikrincə, Rusiyada Krımda Cankoy və Qvardeyskidə baş verən partlayışlar kimi insidentlər daha çox olacaq.
“Rusiya Federasiyasının apardığı müharibənin həcminə və Ukraynada bu “xüsusi hərbi əməliyyatın” davam etdiyi günlərin sayına əsaslanaraq, bu tip halların və ya Rusiya Müdafiə Nazirliyinin artıq adlandırdığı kimi, "təxribatlar"ın daha da artacağını obyektiv şəkildə proqnozlaşdıra bilərik", Podolyak "Khodorkovsky Live" YouTube kanalının canlı efirində bildirib.
Podolyakın sözlərinə görə, Krımda həm partizanlar, həm də Ukrayna ordusu təxribat törədəcək. “Mən indi Cankoydan, Qvardeyskidən asılı olmayaraq danışıram. Ümumiyyətlə nə olacağını deyirəm”, - Podolyak bildirib. O əlavə edib ki, bütövlükdə Rusiyada son vaxtlar qəribə hadisələrin sayı artmaqdadır.
Avqustun 16-da Krımın Cankoyski rayonunun Mayskoye kəndində sursat anbarında partlayışlar baş verib, Rusiya Müdafiə Nazirliyi bunun “təxribat” olduğunu bildirib. Krımın Simferopol vilayətinin Qvardeyski kəndində yerli sakinlərin verdiyi məlumata görə, hərbi aerodromda bir neçə partlayış baş verib.