"Ermənistan Azərbaycanın qərb rayonlarının öz ərazisi vasitəsilə Naxçıvanla əlaqə yaratmasını təmin etməyə hazırdır, ancaq Ermənistan Respublikasının qanunvericiliyi çərçivəsində". Armenpress xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 4-də hökumətin iclasında Dağlıq Qarabağda son günlər yaranmış gərgin vəziyyətlə bağlı danışarkən bildirib.
“Azərbaycan bəyan edir ki, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni təmin etməyi üzərinə götürüb. Biz bu əlaqəni təmin etməyə hazırıq, lakin Azərbaycan bizim verdiyimiz imkanlardan istifadə etmir. Bu gün deyirik ki, Ermənistan Respublikası sərhəddini keçin, amma bizim qanunvericiliyə uyğun olaraq. Keçən ildən biz bir neçə yerdə Ermənistan Respublikasının gömrük və sərhəd xidmətinin məntəqələrini yaratmışıq və Azərbaycan tərəfinə bildirmişik ki, onlar istənilən vaxt Ermənistan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərhədi keçə və Naxçıvanla əlaqə yarada bilərlər", - Nikol Paşinyan bildirib.
Tikintisi davam edən yeni yola gəlincə, Nikol Paşinyan qeyd edib ki, üçtərəfli bəyanatda bunun tərəflərin razılığı ilə baş verməsi açıq şəkildə qeyd olunub.
“Biz deyirik ki, bu yolun marşrutunun müzakirəsini ikinci məsələ hesab edirik, birincisi qanuni prosedurların müəyyənləşdirilməsi və işə salınması məsələsi olmalıdır. Bu gün mən rəsmən bəyan edirəm ki, Azərbaycan bir neçə nöqtədə Ermənistanın sərhədini keçərək Naxçıvana keçə bilər. Əgər bu hərfi mənada şərh edilərsə, o zaman qeyd olunur ki, biz Azərbaycanın qərb rayonlarının Naxçıvanla əlaqəsini təmin etməliyik. Azərbaycanın ən qərb bölgəsi Qazax rayonudur, biz onların Naxçıvana getmələrinə şərait yaratmağa hazırıq, bu hərəkətin təhlükəsizliyinə zəmanət veririk. Həm də təkcə Qazax-İcevan bölməsində deyil, Vardenis, Sisian, Yeraşx, Qoris ərazilərində də. Lakin bu müddət ərzində Azərbaycan bundan istifadə etməyə belə cəhd etmədi. Bu, Ermənistan qanunvericiliyində nəzərdə tutulmuş qaydada olmalıdır”, - Nikol Paşinyan əlavə edib.