Rusiya müdafiə nazirinin müavini Ruslan Tsalikovun ailəsi 4,3 milyard rubl dəyərində əmlaka sahibdir. Bu barədə məlumat rusiyalı siyasətçi Aleksey Navalnının komandasının araşdırmasında yer alıb.
Araşdırmaya görə, Tsalikovun dörd yetkin övladı öz şirkətləri vasitəsilə torpaq sahələrinə və ofislərə sahibdirlər. Rosreestr-in məlumatına görə, nazir müavininin qızları Yelizaveta və Yuliya Moskvada biznes mərkəzində 132 milyon rubl dəyərində bir otağa və ümumi dəyəri 85 milyon rubl olan bir sıra ofislərə sahibdirlər.
Araşdırma müəlliflərinin fikrincə, Tsalikovun oğulları Daniel və Zaur 2021-ci ildə şirkətləri vasitəsilə Moskva vilayətində hər biri 260 milyon rubla iki torpaq sahəsi alıb, bundan sonra onlardan biri demək olar ki, dərhal satılıb. Onlar Moskvada 400 milyon rubl dəyərində ofis sahəsinə də sahibdirlər.
Navalnının komandasının nümayəndələri Tsalikovun övladlarının belə daşınmaz əmlak almaq üçün qanuni gəlirlərinin olmadığını vurğulayaraq, nazir müavinini korrupsiyada ittiham ediblər.
Navalnının komandası xatırladıb ki, hələ 2019-cu ildə Rublyovkanın Razdorı kəndində Ruslan Tsalikova məxsus evi olan torpaq sahəsi aşkarlayıblar. Bildirilir ki, hazırda bu obyektin dəyəri 3,5 milyard rubl təşkil edir. 2019-cu ildə Navalnının komandası onun dəyərini 950 milyon rubl qiymətləndirib. O zamanlar Rusiya Federasiyasının Müdafiə Nazirliyi ərazinin dəyərinin qiymətləndirilməsinin reallığa uyğun olmadığını bildirmişdi.