“Məhsul” stadionunu "satışa çıxaran" şəxslər həbs olunub

“Məhsul” stadionunu "satışa çıxaran" şəxslər həbs olunub
17 Avqust 2022
Mətni dəyiş

"Məhsul” stadionunu "satışa çıxaran" Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri və digər vəzifəli şəxslər barəsində cinayət işi başlanıb.

Bu barədə avqustun 17-də Baş Prokurorluqdan məlumat verilib.

Bildirilir ki, Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov  həmin klubun istifadəsində olan keçmiş “Məhsul” stadionun satışa çıxarıldığını bildirərək sahibkarlara qarşı dələduzluq ediblər. Onların sahibkarların pul vəsaitlərini ələ keçirdiyi müəyyən olunub. Nəticədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladılıb.

"Aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə çoxmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarlardan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib", - məlumatda qeyd olunub. 

Nadir Əliyev və Alik Həsənova Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilib. 

Həmçinin barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Toplum TV

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun