Meşə yanğınları Şabrandan Qubaya keçib

Meşə yanğınları Şabrandan Qubaya keçib
19 Avqust 2022
Mətni dəyiş

Azərbaycanın şimal bölgələrində meşə yanğınları davam edir. 

Quba rayonu Vəlvələ kənd sakinlərinin dediyinə görə, bu gün yanğın Şabrandan Quba ərazisinə keçib. Hələlik yanan meşə zolağıdır. Yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub, amma sakinlər görülən işlərin yetərli olmadığını deyir. Onların sözlərinə görə, texnika əsasən oliqarxlara məxsus malikanələr və istirahət mərkəzlərinin ətrafındakı meşə zolaqlarında yanğını məhdudlaşdırmaqla məşğuldur.

Meşə ərazisinin yaxınlığında otlaq sahələri olduğundan yanğının digər ərazilərə keçməsi üçün də təhlükə var. Azərbaycanın şimal bölgələrində yanğınlar avqustun 17-də başlayıb.

FHN məlumat verir ki, avqustun 18-dək 154 yanğına çıxış qeydə alınıb ki, onun da 38-i Şimal bölgəsinin payına düşür.

Rəsmi məlumata görə, Qəbələ, Şabran və Xaçmazda yanğınların nəzarətə götürülüb.

Fövqəladə hallar nazirliyi zəruri tədbirlərin görüldüyünü, heç bir təhlükə olmadığını deyib. Amma sosial şəbəkələrdə evlərin, sahələrin, heyvanların, yandığını göstərən videolar yayılıb.

2021-ci ildə Azərbaycanda 41 meşə yanğını baş verib. Bu yanğınlar ümumilikdə 383 hektar ərazini əhatə etmişdi. İndi isə rəsmi məlumatlara görə, yalnız Şabranda 500, Xaçmazda isə 40 hektara yaxın ərazi yanıb.

Toplum TV

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun