Avqustun 9-da Konya şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Məlumata görə, R.T.Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə edib.
Bildirildiyinə görə, görüşdə bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Avqustun 9-da İ.Əliyev Türkiyəyə səfər edib. O, Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə qatılıb.
Son həftələr (avqustun 3-dən etibarən) Qarabağda vəziyyət yenidən gərginləşib. Azərbaycan qarşı tərəfi provokasiyada günahlandırıb, bir əsgərin şəhid olduğunu, buna cavab olaraq Qarabağda bəzi yüksəkliklərə nəzarəti bərpa etdiyini bildirib.
Qarabağdakı tanınmayan qurum isə iki əsgərin öldürüldüyünü, 15 nəfərin yaralandığını deyir. Onlar Azərbaycan qüvvələrini təmas xəttini pozmaqda ittiham edirlər. Rusiya Müdafiə Nazirliyinin bu məsələlərlə bağlı həmin vaxt məlumatında da atəşkəsin Azərbaycan tərəfdən pozulduğu vurğulanırdı.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.