44 günlük İkinci Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynləri avqustun 10-da Ermənistan Respublikası Müdafiə Nazirliyinin binası yaxınlığında 7 saata yaxın gözləsələr də, nazir Suren Papikyanla görüşə bilməyiblər.
Bu barədə "Azadlıq Radiosu"nun Ermənistan bürosu yazıb.
Ölən əsgərlərin valideynlərinin bir tələbi var: övladlarının hansı şəraitdə öldüyünü anlamaq istəyirlər.
“Nazir bizi qəbul etmir, Bizi qəbul etmirsə, onda kimi edir? Bu gün qəhrəmanlar dünyaya gətirən biz bura toplaşmışıq, hər birimiz öz oğlumuzu Vətənə qurban vermişik. Əgər bu gün nazir bizi qəbul etmirsə, o zaman kimi qəbul edəcək? Ümid edirəm ki, nazir və ya nazir müavini bu gün bizi mütləq qəbul edəcək, nə qədər lazımdırsa, gözləyəcəyik. Gözləyəcəyik, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, - deyə valideynlərdən biri bildirib.
Oğullarını itirən valideynlər sonuncu dəfə iyulun 29-da eyni tələblə nazirliyə müraciət ediblər. Bir neçə saatlıq gözləmədən sonra onları nazirliyin nümayəndəsi qəbul edib və üç gün ərzində oğullarının komandiri Pavlik Kərəmyanla əyani görüşəcəyinə söz verib. Görüşdən 13 gün keçsə də, valideynlər hələ də müdafiə qurumundan cavab almayıblar.
“Keçən dəfə görüşəndə mən şəxsən nazirlə görüş tələb etdim. O dedi ki, nazir sizi qəbul edə bilməz, buna vaxtı yoxdur. Mən isə dedim ki, nazir bizi qəbul etməyə borcludur”, - deyə valideynlərdən biri bildirib.
Avqustun 10-da bir neçə saatdan sonra başqa bir məmur həlak olan əsgərlərin valideynlərinin yanına gələrək onlara bildirib ki, əvvəlki görüşdə əldə olunmuş razılaşmanın yerinə yetirilməsi mümkün deyil. Cavabla kifayətlənməyən valideynlər gözləmək qərarına gəliblər. Bu müddət ərzində valideynlər nazirliyin qəbuluna gedib orada gözləmək istəyəndə vəziyyət bir neçə dəfə gərginləşib.
44 günlük müharibədə Ağdərədə xidmət edən hərbçilər Üryan yüksəkliyini qorumaq üçün müharibənin 27-ci günü Xocavəndə köçürülüb. Valideynlər iddia edirlər ki, övladları mövqelərində komandirsiz, açıq havada, qeyri-müəyyən və çıxılmaz vəziyyətdə qalıblar, nəticədə 34 hərbçi həlak olub.
“Övladlarımız hansı şəraitdə həlak oldular, kimin əmri ilə batalyon 5-ci müdafiə xəttindən istehkamların olmadığı 2-ci müdafiə xəttinə keçirildi? Açıq səma altında uşaqlar həyatları bahasına döyüşdülər. Və bu gün itkin düşmüş hesab edilən Qaqik Xaçatryandan başqa bu uşaqlardan heç biri sağ deyil”, - deyə valideynlərdən biri bildirib.
11-ci rotanın hərbi qulluqçusu Jora Saakyanın atası Vahid Saakyan bildirib ki, İstintaq Komitəsində övladlarının ölüm faktı ilə bağlı cinayət işi açılan zaman batalyon komandiri Pavlik Kərəmyanın birinci dərəcəli “Döyüş xaçı” alması onları xüsusilə hiddətləndirib. Lakin bu cinayət işində hələ də təqsirləndirilən şəxslər yoxdur, yalnız bir neçə dəfə tərəflər dindirilib.
“O, komandir kimi yerinə yetirmədiyi vəzifələri icra etməyə borclu idi. O, bizim övladlarımızdan daha təhlükəsiz yerdə idi”, - Saakyan bildirib.
“Bilmirəm, o deyir ki, bir neçə nəfəri köməyə göndərmişəm, amma çatmayıb. Əgər ora çatmadılarsa, niyə onları tərk etdin və uşaqlar öldü?”, o qeyd edib.
Valideynlər artıq beşinci dəfədir ki, Müdafiə Nazirliyinin yaxınlığında toplaşırlar. Onlardan yalnız ikisi bir neçə saatlıq gözləmədən sonra nazirin köməkçisi tərəfindən qəbul edilib və yaxın vaxtlarda nazirlə mümkün görüş barədə məlumat veriləcəyi bildirilib.