Şair: "Vitse-prezidenti səmimi təbrik etdim, ancaq çətinliklərimi də bildirmək istədim"

Şair: "Vitse-prezidenti səmimi təbrik etdim, ancaq çətinliklərimi də bildirmək istədim"
26 Avqust 2022
Mətni dəyiş

Sosial şəbəkədə birinci vitse-prezident Mehriban Əliyevanın ad gününə şeir həsr edən və şeirdə aclıq içində yaşadığını bildirən şair İbrahim Xudayi avqustun 26-ı Salyanda Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin yerli şöbələrinə çağırılıb. 

Məsələ ilə bağlı AbzasMedia şairdən münasibət alıb. İbrahim Xudayi saytımıza açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanlarında onunla söhbətdə yayımladığı şeir də müzakirə edilib. 

Şair bildirib ki, o vitse-prezidentin ad gününü səmimiyyətlə təbrik edib, ancaq öz çətinliklərini də bildirmək istəyib. Şair şeirdə sosial vəziyyətinin pis olmasını bildirən ifadələr də işlədib.

“Mən 9 ildir ki, 3 metr uzunu, 2 metr eni olan tualetsiz, hamamsız, qazsız, susuz 1 otaqlı evdə yaşayıram, üstəlik də 11 pişiklə. Kredit bir yandan, probasiya bir yandan. Özüm də astmayam. Bir az bezikmişlik var idi məndə. Sosial şəbəkələrə girdim ki, Mehriban Əliyevanı təbrik edirlər, mən də o şeiri səmimi niyyətlə təbrik etmək üçün yazdım. Ancaq vəziyyətimi də ifadə etdim ki, yəni, bu vəziyyətdə olsam da təbrik edirəm. Bundan sonra getdim işə və beynim açıldı, adamlara adaptasiya olanda düşündüm ki, nə yeri var idi bu şeirin? Hərə bir cür başa düşəcək. Ona görə də, şeiri sildim”.

İbrahim Xudayi deyir ki, şeiri siləndən 10 dəqiqə sonra polis şöbəsindən əməliyyatçı zəng edib və bildirib ki, rəis müavini sənlə görüşmək istəyir. Onun sözlərinə görə, o şöbəyə getdikdən sonra bildirilib ki, onu keçmişdə yaşadığı evin sahibilə bağlı şikayətinə görə çağırıblar. Xudayi deyir ki, əvvəllər kirayə yaşadığı evdən vaxtından əvvəl çıxarılıb və pulu geri almaq üçün polisə müraciət edib.

“Şöbədə onu da bildirdilər ki, belə şeirlər lazım deyil. Dedilər yaxşı olar ki, şeir birmənalı yazılsın”, - deyə İbrahim Xudayi bildirib.

Şair deyir ki, bundan sonra Dövlət Təhlükəsizlik Xidmətinin Salyan Rayon Şöbəsinə dəvət edilib, ancaq şeirlə bağlı heç bir mövzu açmayıblar. Onun sözlərinə görə, şeirlə bağlı mövzunu o özü açıb.

“Mənlə əsasən pişiklərlə, yaşayışımla bağlı danışdılar. Mənə dedilər ki, sənin evində pişiklər çoxdur, səliqəsizlik var və pişiklər sənin həyatına maneədir, onları azdırmalısan. Dedilər ki, elə evdən də çıxarılmağın pişiklərə görə olub. Rəis dedi ki, get o pişikləri azdır, mənlə əlaqə saxla, səliqəli yaşamaq lazımdır, biz də nə kömək lazımdır edərik sənə. Şeirlə bağlı söhbəti mən açdım ki, səmimiyyətlə yazmışam”, - deyə o bildirib.

Şair deyir ki, onun yaradıcıllığının 40 faizi xurafatla, 60 faizi isə məmur özbaşnalığı ilə bağlıdır. Onun sözlərinə görə, əvvəllər şeirlərinə görə, hüquq mühafizə orqanlarına dəvət edilib.

“Əvvəllər polisə dəvət ediblər, şeirləri sildirirdilər. DTX-nın Salyan şöbəsinin əvvəlki rəisi də mənlə görüşmüşdü və deyirdi ki, nə yazmaq olar, nəyi yox. Ancaq bu dəfə belə olmadı”, - deyə şair İbrahim Xudayi bildirib.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun