FTB agentləri sabiq ABŞ prezidenti Donald Trampın iqamətgahına basqın ediblər. Bu barədə onun özü sosial şəbəkələrdə məlumat verib.
"Bu, millətimiz üçün həqiqətən qaranlıq vaxtlardır, çünki "Palm Beach"-də yerləşən "Mar-a-Laqo" iqamətgahındakı gözəl evim hazırda axtarış aparan FTB tərəfindən mühasirədədir", deyə Tramp yazıb.
“New York Times” qəzetinin yazdığına görə, axtarış Trampın Ağ Evi tərk etdikdən sonra məxfi məlumatları ehtiva edə biləcək hökumət sənədlərini özü ilə aparması səbəbindən baş verib.
Söhbət 15 qutu sənəddən gedir – keçmiş prezident onları yalnız 2022-ci ilin fevralında Milli Arxivlər və Qeydlər Administrasiyasına qaytarıb və idarənin özü də Trampın onlarla işləmə qaydalarını poza biləcəyindən şübhələnib.
"NewsNation"-ın məlumatına görə, axtarış doqquz saatdan çox davam edib və axtarışda keçmiş prezidentin üç vəkili iştirak edib. CNN yazır ki, Trampın özü həmin vaxt Nyu-Yorkda olub.