Rusiya sülhməramlıları: "Azərbaycanın qarşısını almaq üçün kifayət qədər səlahiyyətimiz yoxdur"

Rusiya sülhməramlıları: "Azərbaycanın qarşısını almaq üçün kifayət qədər səlahiyyətimiz yoxdur"
8 Avqust 2022
Mətni dəyiş

Bir qrup Qarabağ ermənisi orada dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovla görüşdən sonra Xankəndinin mərkəzi meydanında etiraz aksiyası keçirib. Bu barədə "Azadlıq Radiosu"nun Ermənistan bürosu məlumat yayıb.

Aksiya iştirakçıları “Sülhməramlılar, vəd etdiyiniz sülh haradadır?”, “9 noyabr bəyanatına əməl etməyi tələb edirik”, “Azərbaycanın təcavüzünə son!”, “Parux və Xtsaberi qaytar!” (Fərruxu, Çaylaqqala - red.) plakatları qaldırıblar.

“Zəhmət olmazsa, işinizlə məşğul olun, əks halda sizə və başqalarına qarşı davranışlarımız dəyişəcək”, - deyə etirazçılardan biri Qayane Arustamyan bildirib.

Rusiya sülhməramlı kontingentinin komandanı ilə dünənki görüşdə iştirak edən və etiraz aksiyasına rəhbərlik edən "Dağlıq Qarabağ" İnqilab Partiyasının sədri Artur Osipyan bildirib ki, rusiyalı generalın sözləri etimad yaratmır.

“Dünən biz Artsaxda (Qarabağ - red.) sülhün olacağına bizi inandıracaq heç nə eşitmədik”, - Osipyan bildirib.

Qarabağ müxalifətçisi qeyd edib ki, sülhməramlı qüvvələrin komandanından yeni insidentlərin olmayacağına dair heç bir aydın təminat almadıqları üçün görüşdən razı deyillər. Osipyanın sözlərinə görə, sülhməramlılar onlara Azərbaycan tərəfinin hücumuna qarşı çıxmaq üçün kifayət qədər vəsait və səlahiyyətlərə malik olmadığını bildiriblər.

“Belə çıxır ki, sülhməramlıların burada layiqli sülhü qorumaq üçün nə imkanı, nə gücü, nə də səlahiyyəti var. Sülhməramlıların səlahiyyətləri onların özünümüdafiəsi üçün güclə kifayət edir, üstəlik, tam həcmdə deyil”, - Osipyan bildirib.

Etirazçılar Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyinə müraciət edərək Bakıdan tərəflərin öz mövqelərində dayanması, əsir və girovların mübadiləsinin həyata keçirildiyi üçtərəfli bəyanata əməl etməyi tələb ediblər.

Qarabağ müxalifətçisinin sözlərinə görə, sözügedən görüşdə sülhməramlılar Azərbaycan tərəfinin xüsusən Laçın dəhlizində köhnə yoldan deyil, yeni yoldan keçmək və Qarabağın silahsızlaşdırılması ilə bağlı ultimatumlarını onlara çatdırıblar. Osipyan bildirib ki, hər iki tələb qanunsuzdur və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozulur. 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi son bir neçə gün ərzində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan mövqelərinin dəfələrlə atəşə tutulması barədə məlumat yayıb. 

Nazirlikdən əlavə edilib ki, bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfinin mövqelərinin atəşə tutulması ilə bağlı xəbərlərini təkzib edərək, bu cür məlumatları dezinformasiya adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun