Türkiyə Prezidenti Receb Tayyip Erdoğan Rusiya Prezidenti Vladimir Putinlə Soçi şəhərində görüşüblər. Görüşdən qayıdan Türkiyə prezidenti təyyarədə jurnalistlərə Putinlə müzakirə etdiyi məsələlərlə bağlı açıqlama verib. Açıqlamadan əsas başlıqları təqdim edirik:
Ərdoğanın açıqlamalarının başlıqları belə olub: "Kim ölkəmizə sərmayə qoymaq istəyirsə, ona hər cür dəstəyi verərik. Çünki Türkiyə təkcə son hadisələrdə deyil, həm də dünyada azad bazar iqtisadiyyatının ən mühüm açıq qapısıdır.
Təbii ki, Soçi səfərinin ən yaxşı tərəflərindən biri də cənab Putinlə rublla bağlı razılığa gəlməyimiz oldu. Ticarəti rublla edəcəyimiz üçün təbii ki, Türkiyə və Rusiya maliyyə baxımından da ciddi pul qazanacaq".
Türkiyə prezidenti bildirib ki, Rusiyanın Mir kartı da var və hazırda Türkiyənin beş bankı bu kart üzərindən işlərini davam etdirir:
"Bu, təbii ki, Rusiyadan gələn turistlər üçün çox rahat sistemdir. Alış-veriş və otel ödənişlərini onlarla edə bilirlər. Təbii ki, bu, həm onlar, həm də bizim üçün çox, çox rahat bir sistemdir. Bu səfər zamanı Rusiya Mərkəzi Bankının prezidenti və Mərkəzi Bankımızın prezidenti də görüşlərini keçirdilər".
Azərbaycan-Ermənistan gərginliyi ilə bağlı
Erdoğan deyib ki, iki gün əvvəl prezident İlham Əliyevlə bu mövzuda ətraflı danışıb: "İlk öncə azərbaycanlı qardaşlarımızın birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçlü bəyanatdan iki ilə yaxın vaxt keçir".
Prezident deyib ki, Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir.
"Biz Azərbaycanın London səfirliyinə hücumu da qəbuledilməz hesab edirik. Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar", - deyə prezident Erdoğan bildirib.
Türkiyə lideri Çin-Tayvan gərginliyi ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, Tayvanla bağlı gərginliyi azaltmaq üçün bütün tərəflərin sağlam düşüncə və təmkinlə hərəkət etməsi çox vacibdir.
"Sentyabrda Şanxay beşliyi Özbəkistanda görüşəcək. Görüşümüzdə cənab Putin də xahiş etdi ki, mümkünsə, oradakı görüşdə iştirak edək. Şanxay beşliyinin üzvləri, müşahidəçi və ya dialoq tərəfdaşı olan ölkələrlə birlikdə olmağı düşünürük. Məsələn, Çin gəlir, o biri tərəfdə Səudiyyə gələcək, Qətər gələcək. Orda onlarla birlikdə olmağı hədəfləyirik. Əgər fövqəladə vəziyyət yaranmasa, inşallah orda iştirak edəcəm. Orada onları daha yaxşı qiymətləndirəcəyik", - deyə Türkiyə prezidenti jurnalistlərə açıqlamasında bildirib.